Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib. Matc.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. 
 
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli Ermənistan idmançısını çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Bolqarıstan güləşçisiylə qarşılaşan Eldəniz ilk hissəni 5:0 öndə tamamlasa da, yekunda məğlubiyyətdən xilas ola bilməyib.
 
Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisiylə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb.
 
Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəlib. Daha sonra İtaliya idmançısına şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısıyla görüş dramatik alınıb. Möhtəşəm əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Yarımfinalda təcrübəli Ermənistan güləşçisiylə prinsipial görüşdən də üzüağ çıxan Süleymanov debüt etdiyi qitə birinciliyinin finalına vəsiqə qazanıb.
 
İslam Abbasov ilk mərhələdə yanvarda Fransa qran-prisində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda polşalı həmkarından güclü olub. Abbasov 1/4 finalda Bolqarıstan təmsilçisini "tuşe" ilə üstələyərək yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının gümüş medalçısı olmuş macar həmkarına yenildiyindən ikinci yarış günündə bürünc medal üçün güləşəcək.
 
Sabah Şəriəti startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. Prinsipial qarşılaşmadan yığma üzvü qalib ayrılıb. Ancaq 1/4 finalda rumıniyalı rəqibinə uduzub.
 
55 kq
1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (ARM) 7:1
1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (BUL) 5:7
Bürünc medal görüşü: Eldəniz Əzizli - Snorre Harsem Lund (NOR) / Covanni Freni (İTA)
 
63 kq
1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (RUS) 0:8
Təsəlliverici görüş: Taleh Məmmədov - Erik Torba (HUN)
 
77 kq
Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (BUL) 5:3
1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İTA) 7:0
1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (GRE) 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (ARM) 3:0
FİNAL: Sənan Süleymanov - Zotlan Levay (HUN)
 
87 kq
Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (BLR) 3:2
1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (POL) 3:1
1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (BUL) 4:3 (tuşe)
1/2 final: İslam Abbasov - Viktor Lorints (HUN) 1:6
Bürünc medal görüşü: İslam Abbasov
 
130 kq
1/8 final: Sabah Şəriəti - David Ovasapyan (ARM) 3:0
1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (ROU) 2:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest