İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqar güləşçiyə vaxtından əvvəl qalib gəlib. Estoniya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin olimpiya çempionu Avropa çempionatının bürünc medalını qazanıb.
 
ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxıb. Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına 4-cü bürünc medalı yazıb.
 
Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısıyla üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub.  
 
İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub. Orxan Nuriyev də ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.
 
60 kq
Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İTA) 2:1
1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (ARM) 0:8
Təsəlliverici görüş: Murad Bazarov - Avqustin Boyanov Spasov (BUL) 9:1
Bürünc medal görüşü: Murad Bazarov - Helari Maeqisalu (EST) 9:0
 
67 kq
Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (HUN) 7:8
 
72 kq
1/8 final: ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (BUL) 6:1
1/4 final: ülvü Qənizadə - Frank Ştebler (GER) 0:8
Təsəlliverici görüş: ülvü Qənizadə - Anatoli Popov (MDA) 8:0
Bürünc medal görüşü: ülvi Qənizadə - Adam Kurak (RUS) 3:1
 
82 kq
1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (NED) 8:0
1/4 final: Rafiq Hüseynov - Boqdan Kurinnoy (SWE) 3:2
1/2 final: Rafiq Hüseynov - çiro Russo (İTA) 7:1
FİNAL: Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (BUL) 2:1
 
97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (POL) 0:9

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest