"1980-ci ildə Qubadlı rayonunun Muğanlı kəndində anadan olmuşam. 1993-cü il avqustun 31-də isə oradan çıxmışam".
 
Matc.az xəbər verir ki, bu fikirləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev doğma rayonu Qubadlının erməni işğalından azad olunması barədə danışarkən deyib.
 
Qubadlının Muğanlı kəndindən olan veteran idmançı bildirib ki, bu hissləri sözlə ifadə etmək çox çətindir: "Biz 27 ildir bu həsrətlə yaşayır, qələbə xəbərini gözləyirdik. Artıq bu xoşbəxtlik bizə qismət oldu. Buna görə öz adımdan, ailəm adından cənab Ali Baş Komandana təşəkkürümü bildirirəm. Torpaqların azad olunması üçün döyüşən əsgər və zabitlərimizin əlindən öpürəm. Allah dövlətimizi qorusun. İgid əsgərlərimiz qısa vaxtda böyük işlər gördülər. Bir sıra şəhər və kəndlərimiz işğaldan azad olunub. Ən böyük sevincim o gün olacaq ki, Şuşada bayrağımız dalğalanacaq və himnimiz səslənəcək".
 
Federasiya rəsmisinin sözlərinə görə, xəbəri əvvəlcə ölkə başçısı İlham Əliyevin rəsmi "Twitter" səhifəsində görüb: "Cənab Prezident əvvəlcə Qubadlı rayonunun 4 kəndinin işğaldan azad olunduğunu bildirdi. Onlardan biri də mənim doğulduğum Muğanlı kəndidir. Hər gün səhərdən axşamadək sosial şəbəkələri, telekanalları, mətbuatı izləyirik. Xəbər çıxanda telefonum 1 saat dayanmadı. Təbrik mesajları, zəngləri gəldi. Bir anlıq sükut çökdü. Sevincimdən heç nə danışa bilmədim, sadəcə, oturub gözlədim. Bu hissləri sözlə ifadə etmək mümkün deyil".
 
Keçmiş taekvondoçu "Doğma kəndinizə ayaq basanda görəcəyiniz ilk iş nə olacaq" sualına isə bu cür cavab verib: "Allah qismət etsin, tez zamanda müzəffər Ordumuz işğal altında olan bütün torpaqlarımızı azad etsin. Ən böyük arzum, Muğanlı kəndinə gedib, Həkəri çayında dəstəmaz alıb, ana torpağımda namaz qılmaqdır. Doğma kəndimə qayıdanda ilk olaraq, bunu edəcəyəm". (report)
 
Qeyd edək ki, 2001-ci ildə Cənubi Koreya Respublikasındakı dünya çempionatının qalibi olmuş Niyaməddin Paşayev eyni zamanda 2 qat Avropa çempionudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest