Vətən müharibəsinin qızğın vaxtları yığmamızın Millətlər Liqasındakı oyunları ilə üst-üstə düşdü. Bu müddətdə komandamızın passivinə yalnız 1 məğlubiyyət yazıldı.

Əlbəttə, azarkeşlər Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxaran Canni de Byazidən möcüzə gözləyir. Amma unutmaq lazım deyil ki, Albaniyanın həmin heyətindəki futbolçular qitənin aparıcı liqalarında çıxış edirdi.

Azərbaycan millisinin heyətində isə legioner yoxdu. Əvvəllər azarkeşlərin narazı qaldığı məqamlardan biri milliləşdirilmiş legionerlər idi ki, indi onların sayında da kəskin azalma müşahidə olunur.

Yığmamız son 4 oyununda qapısında qol görmədi. Rəqiblər isə qitənin nəhənglərindən sayılmasa da, heyətindəki futbolçurarın çıxış etdiyi klublara baxanda bizimlə müqayisədə daha yüksəksəviyyəli oyunçulardan qurulduğu görülür.

De Byazi seçməmizdə gəncləşdirmə siyasəti aparır. Musa Qurbanlı, Mert çelik, Amin Seydiyev, Anton Krivotsyuk, İsmayıl İbrahimli, Xəyal Nəcəfov, Mahir Emreli, Bəhlul Mustafazadə, Ramil Şeydayev kimi futbolçular 18-23 yaş aralığındadılar. Bu gənclər milli komandamızın həm bu günü, həm də sabahıdılar.

Görünən odur ki, Byazi sabahın komandasını qurur və bir müddət sonra Albaniyayla göstərdiyi möcüzəni Azərbaycanla da təkrarlamağa cəhd etmək fikrindədir.

Yazının girişində müharibəni xatırlatdıq. Yəqin ki, hamımız hələ də əsas fikrimizi futbola fokuslaya bilmirik. Bu da təbiidi. İndi futboldan daha çox ölkəmizin möhtəşəm qələbəsindən danışmalı, yazmalıyıq. Ordumuzun şanlı zəfərlərinə bütün dünya həsəd apardığı dövrdə AFFA rəhbərliyi və əməkdaşları da informasiya müharibəsində fəal iştirak etdi, arxa cəbhədə əllərindən gələni əsirgəməməyə çalışdı.

AFFA-nın icraçı vitse-prezdenti Elxan Məmmədovun bu yöndə fəaliyyətini xüsusi vurğulamaq lazımdı. Məmmədov bu müddətdə qitə ali futbol qurumu UEFA ilə sıx əlaqədə oldu, o cümlədən, Naftalanda erməni terrorçularının qətlə yetirdiyi yeniyetmə futbolçu Şəhriyar Qurbanov haqda həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı bacardı.

Elxan Məmmədovun rəhbərliyi ilə AFFA kollektivi bu müddətdə hər gün erməni təxribatlarının qarşısını almağa çalşırdı. O cümlədən, "Roma"nın erməni futbolçusu Henrik Mxitaryan və UEFA-da çalışan bacısı Monikanın sosial şəbəkələrdəki separatçı paylaşımları ilə bağlı İtaliya Futbol Federasiyası, FIFA, UEFA və futbolçunun səfiri olduğu UNİCEF-ə müraciət olundu və mxitaryanlara həmin paylaşımlar sildirildi.

ümumiyyətlə, bu dövrdə AFFA çox həssas idi. Futbol qurumuzun tərəfdaşı Nike-nın guya Ermənistandakı nümayəndləyinin saxta profilindən separatçıları dəstəkləyən paylaşıma belə ani reaksiya verildi, Nike şirkətinə rəsmi müraciət olundu və onlar bu saxta profilin ləğv edilməsi üçün fəaliyyətə keçdilər.

AFFA işğaldan azad edilmiş bütün rayonlarımızda futbol klublarının yaradılacağını və onların artıq növbəti mövsümdən ölkə çempionatında iştirak edəcəyini açıqladı. Assosiasiya eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlandığını, yaşayış məntəqlərimizdə məskunlaşma prosesinə uyğun olaraq, süni örtüklü meydançalar tikilərək sakinlərin ixtiyarına veriləcəyini bəyan edib.

Qeyd edək ki, daha əvvəl işğaldan azad olunan Cocuq Mərcanlı kəndində AFFA və UEFA-nın Uşaq Fondu (UEFA Foundation for Children) tərəfindən meydança inşa edilmişdi.

çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi Hadrutda gördüyü erməni avtomobilinə "ömrüboyu belə maşınım olmasını istəmişəm" deyən əsgərimizə yeni "Mercedes" avtomobili hədiyyə etdi.

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev hələ iyulda Tovuz hadisələri zamanı könüllü olaraq ordumuzda xidmət etmək üçün müraciət etmişdi. Riad bəy orduya götürülməsə də, informasiya müharibəsində çox fəal idi. O, müxtəlif dillərdə yalançı təbliğat aparan erməniləri faktlarla, ağıllı və savadlı cavabları ilə susdururdu. Paralel olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna (SQYF) pul ianələri də edirdi. Rəfiyevin prezidenti olduğu "Sumqayıt" klubu bugünəcən şəhid ailələrinə və qazilərimizə yardımlarını davam edir.

"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl SQYF-yə 1 milyon manat köçürdü. Klubun baş məşqçisi Qurban Qurbanov da ordumuzu diqqətdən kənarda qoymadı.

"Sabah" SQYF-yə 500 min manat yardım etdi.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da ordumuza maddi dəstəyini əsirgəmədi, eyni zamanda ön cəbhədəki əsgərlərimizi ziyarət edib, onlara mənəvi dəstək verdi. İki il əvvəl "Zirə"nin U-17 komandasının üzvü olmuş İlqar Burcəliyev Qarabağ savaşında şəhidlik zirvəsinə ucaldı.

Müharibə dövrünün ən cəsur futbol adamlarından biri də ön cəbhədə döyüşən "Qəbələ"nin prezidenti Fariz Yusifov idi.

ümumən Azərbaycan futbol camiəsi, bütün qəhrəman xalqımız kimi müharibə dövründəki birliyi və fəaliyyəti ilə xoş sözlərə layiqdi.

Şəhidlərimizin ruhuna dərin ehtiram, Ali Baş Komandanımıza və yaralı qazilərimiz başda olmaqla, müzəffər ordumuzun bütün şəxsi heyətinə minnətdarlıqla

İxtiyar ƏSGƏROV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest