"Sumqayıt"ın sabiq futbolçusu Kərəm Sultanov "gənclik şəhəri" təmsilçisindən ayrılmasına münasibət bildirib. Matc.az xəbər verir ki, Qazaxıstandan olan 25 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibəsində bunları söyləyib:
 
"Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq. Yeni İldən sonra Qazaxıstana getmək problemli idi. çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər".
 
Cari mövsümün əvvəlində "Sumqayıt"la 2 illik müqavilə imzalayan futbolçu komandadan təzminatsız ayrıldığını söyləyib: "Heç kimin heç kimə borcu qalmadı".
 
Sultanov "Sumqayıt"la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: "Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı. Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım".
 
Premyer Liqa təmsilçisinə keçidi barədə da danışan müdafiəçi Azərbaycana yük gəmisi ilə gəldiyini xatırladıb: "Bəli, 2 gün gəmi ilə Aktaudan yol gəldim. İndi də eyni şeyi etməyə hazır idim. Amma mənə dedilər ki, bütün məsələləri özün həll et. Yoxladım, amma alınmır. Klub açıqlama verməli idi. Ondan sonra təyyarə ilə də uçmaq olardı. Lakin həmin açıqlama olmadı. Sonda komandadan ayrılmağa qərar verdim. özümə qarşı münasibətdən məyus oldum".
 
Sultanovun sözlərinə görə, özünü Azərbaycanda legioner kimi hiss etməyib: "Azərbaycan Premyer Liqasının səviyyəsi Qazaxıstan çempionatından heç nə ilə fərqlənmir. Hətta bizdə daha güclüdür. Orada isə sadəcə, meydan və bu kimi digər şərtlər əladır. ölkə, insanlar yaxşıdır. Dilimiz oxşardır. Danışmaq çətin olsa da, hər şeyi başa düşürdüm. Komandada rusca danışmırdılar".
 
Futbolçu ölkə xaricindən təkliflərinin olduğunu bildirib. Lakin o, ad çəkmək istəməyib: "Agentlər çox yazırlar, amma konkret bir şey yoxdur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest