Bu gün Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, yarışa 45 ölkədən 362 idmançı qatılıb.
 
Turnirə 9 idmançı ilə yollanan Azərbaycan yığmasının 3 üzvü  - Kəramət Hüseynov, Orxan Səfərov, Nicat Şıxəlizadə bu gün tatamiyə çıxıb. 
 
Kişilər
 
60 kq
Mübarizəyə 1/16 finaldan başlayan Kəramət Hüseynov Nikolae Fokanı (Moldova) məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun növbəti rəqibi  türkiyəli Mihrac Akkuş olub.  Bu dəfə cərimə xalı ilə üstünlük qazanan cüdoçumuz 1/4 finala çıxıb. Növbəti mərhələdə isə idmançımız ispaniyalı Fransisko Qarrigosa ippon fəndiylə uduzub. Bununla belə, Kəramət mükafatçılar sırasında yer almaq şansını saxlayıb. O, təsəlliverici görüşlərə qatılıb və ilk cəhddə italiyalı Angelo Pantano üzərində təmiz qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə idmançımızın rəqibi bolqarıstanlı Yanislav Gerçev olub. Cüdoçumuz bu rəqibinə ipponla qalib gələrək bürünc medala yiyələnib.
 
66 kq
1/16 final
Orxan Səfərov ilk görüşdə Amit Boboviçi (İsrail) ippon fəndiylə mübarizədən kənarlaşdıraraq, 1/8 finala çıxıb. Amma həmyerlimizin növbəti cəhdi uğursuz alınıb. O, Vadim Bunesku (Moldova) ilə görüşdən məğlub ayrılıb. 
Nicat Şıxəlizadə də yarışa uğurla başlayıb. O, ilk cəhdində Matey Poliakı (Slovakiya) ippona salsa da, növbəti görüşdə yerli idmançıya uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest