Artıq 4 gündür futbol üzrə Afrika Millətlər Kuboku turniri start götürüb. Kamerunda təşkil olunan "Qara qitə"nin ən nüfuzlu yarışında karyerasını Azərbaycanda davam etdirən iki futbolçu da mübarizə aparır. Onlardan biri "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya yığmasının, digəri isə "Qarabağ"ın müdafiəçisi Patrik Andrade Kabo Verde millisinin heyətində yer alıb.
 
Kabo Verde milli komandası ilk oyununda Efiopiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən Patrik Andrade ilə əlaqə saxlayıb, turnirlə bağlı fikirlərini öyrəndik. O  bildirib ki, Kamerunda Millətlər Liqası turnirinin atmosferi hiss olunsa da, bir çox problemlər də mövcuddur: "Həqiqətən də, küçələrdə yarışın atmosferi hiss olunur. Millətlər Kubokunun keçirilməsi ilə bağlı xeyli bilbordlar var. Əsl bayram ab-havası yaratmaq üçün yolboyu rəqs edənlər kifayət qədərdir. Bu baxımdan hər hansı problem yoxdur. Amma təşkilati məsələlər haqda pozitiv danışmaq mümkün deyil. Məsələn, bizi çox balaca, primitiv otelə yerləşdiriblər. Kiçik otaqlarda 2 futbolçu qalır. Otaqlar o qədər balacadır ki, çemodanları yerləşdirməyə yer tapmırıq. Oteldə trenajor zalı olmalıdır, amma yox kimidir. Bunlar adamı məyus edir".
 
İlk oyundakı qələbəyə gəlincə, Andradenin fikrincə, 3 xalı hansı hesabla qazanmağın fərqi yoxdur: "Əsas odur ki, yarışa qələbə ilə start verdik. İlk oyun həmişə çətin keçir. Amma biz rəqibi məğlub edə bildik. Bu, bizim üçün çox önəmli idi. Meydana sonradan çıxmağım isə baş məşqçinin qərarı idi. Buna hörmətlə yanaşmaq lazımdır".
 
Kabo Verde növbəti görüşünü bu gün ilk oyunda Kameruna 1:2 hesabı ilə uduzan Burkina-Faso yığmasına qarşı keçirəcək. "Qarabağ"ın futbolçusunun sözlərinə görə, meydana uğurlu seriyanı davam etdirmək üçün çıxacaqlar: "Düzdür, rəqib ilk turda meydan sahiblərinə uduzdu. Burkina-Faso bu səbəbdən bizimlə oyuna daha istəkli, qələbə əzmi ilə çıxacaq. Amma bizim də məqsədimiz dəyişmir. Uğurlu seriyanı davam etdirmək fikrindəyik. Hazırda komandamızın düşərgəsində atmosfer əladır. ümid edirəm ki, meydanı yenə 3 xalla tərk edəcəyik".
 
Bəs Andradenin komandasının hədəfi nədir? Yalnız qrupdan çıxmaq, yoxsa daha irəli gedib medalçılar arasında olmaq? Futbolçunun sözlərinə görə, Kabo Verde millisinin böyük hədəfi yoxdur: "Bu barədə ətraflı fikir söyləyə bilməyəcəyəm. Bizim əsas hədəf oyundan oyuna fikirləşməkdir. İlk turda qələbə qazandıq, ikinci görüş haqda düşünürük. Hər hansı böyük hədəfimiz yoxdur. Danışmaq istəmədiyim bir çox səbəblər, böyük zəfərlər üçün çatışmayan bəzi amillər var. Bunları dilə gətirmək istəməzdim. Məsələn, Biz Burkina-Fasonu məğlub etsək də, onlar yaxşı komandadır. Topla əla davranırlar. Onlar Kameruna daha tez, dekabrın sonlarında gəlib yerli iqlimə uyğunlaşma prosesi keçiblər. Amma biz daha pis şəraitdə hazırlaşmışdıq. Bütün futbolçuların iştirakı ilə düz-əməlli toplanış olmamışdı. Kameruna turnirin startına az qalmış gəldik. Bəzi futbolçularımızda koronovirus aşkarlandı. Həll olunmalı maliyyə məsələləri, problemlər vardı. Bütün bunlara baxmayaraq, ilk oyunu qələbə ilə başa vurduq".
 
Millətlər Liqasının favoriti hansı yığmadır? Bu il Afrikanın ən güclüsü hansı ölkə olacaq? Futbolçu müasir futbolda çox şey dəyişdiyi üçün favoritlərlə bağlı ad çəkməkdə çətinlik çəkdiyini vurğulayıb: "11 nəfər 11 nəfərə qarşı oynayır. Hər bir milli komandanın öz metodu var. İstənilən komanda hamını təəccübləndirə, gözlənilməz nəticə qazana bilər. Bu səbəbdən aşkar favoritim yoxdur. Yəni, istənilən yığma Millətlər Liqasının qalibi ola bilər".
 
"Yeni Azərbaycan"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest