Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb. Matc.az saytının məlumatına görə, yarışın son günü Azərbaycanın daha beş idmançısı tatami üzərinə çıxıb. Onlardan biri fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, digər iki idmançımız bürünc medalla kifayətlənib. 

 

Kişilər

90 kq
Həmyerlimiz Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmana qalib gəlib. Onun növbəti mərhələdəki rəqibi Hebiliqe Bu (çin) olub. Asiyalı cüdoçu üzərində ipponla qələbə qazanan Mehdiyev 1/8 finala yüksəlib. Həmyerlimiz bu dəfə Robert Florentino ilə (Dominikan) qarşılaşıb və təmiz qələbə qazanıb. O, 1/4 finalda kubalı Silva Moralesi, yarımfinalda isə Aleksandar Kukolju (Serbiya) mübarizədən kənarlaşdırıb. Məmmədəlinin finaldakı rəqibi yaponiyalı Sanşiro Murao olub. Asiyalı idmançını vazari xalı ilə üstələyən Mehdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.   


100 kq
Millimizin üzvü Zelim Kotsoyev ilk cəhddə avstriyalı Aaron Faradan üstün olub. İdmançımız növbəti mərhələdə Yoakim Dvarbini (İsveç) ippona salıb. Ardından İvan Romarenko (BƏƏ) üzərində qələbə qazanan Zelim 1/4 finalda misirli Ramadan Darvişi də məğlub edib. O, qızıl medala gedən yolda yaponiyalı İida Kentaroya uduzub. Rəqib finala yüksəldiyindən idmançımız təsəlliverici görüşlərə qatılıb və serbiyalı Boyan Dosenə qalib gələrək, bürünc medala sahib çıxıb.

Bu çəkidə mübarizə aparan digər idmançımız Elmar Qasımov isə 1/16 finalda Tomas Briseno (çili) ilə üz-üzə gəlib və tatamidən qalib ayrılsa da 1/8 finalda  avstriyalı Laurin Bohlerə uduzub.  


+ 100 kq
Uşangi Kokauri 1/16 finalda Ceyqu Yun (Cənubi Koreya) üzərində qələbə qazanıb. Kokauri  1/8 finalda almaniyalı Yohannes Freylə qarşılaşıb və məğlub olub.

Qadınlar

+78 kq
İlk mərhələdən azad olan İrina Kindzerskanın 1/8 finaldakı rəqibi Kseniya çibişova (Rusiya) olub. Rusiyalını ippona salan İrina yarımfinal uğrunda mübarizədə braziliyalı Maria Althemanı da məğlub edib. Yarımfinalda kubalı İdalyz Ortizə uduzan İrina qızıl medal qazanmaq şansını itirib. Bununla belə, İrina medal qazanmağı bacarıb. Təsəlliverici görüşlərə qatılan cüdoçumuz tunisli rəqibini məğlub edərək, bürünc medal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest