“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XIX turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür”.
 
- Bir neçə əsas heyət üzvlərini ehtiyatda saxlamağınızın səbəbi nə idi?
- Rafael Utziq komanda ilə Antalyada hazırlıq keçməmişdi. Amma burada boş dayanmamışdı, fərdi məşqlər edirdi. Düşünmürəm ki, əvəzetmələr oyunun ritmini dəyişdi. Sadəcə, futbolçular düzgün reaksiya verərək, ikinci hissədə daha aqressiv oynadılar. Bizim komandada ehtiyat oyunçu yoxdur, hamı eynidir. Kimin üzərinə nə düşürsə, artığını etməyə çalışır. Birinci hissədə ağır görünməyimizin səbəbi kimi meydançanın durumunu göstərə bilərəm. Kənardan yaxşı görünsə də, çox ağırdır. Hətta məşqdə iki nəfəri – Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədələndilər. 
 
- Transfer məsələsində hansısa yenilik varmı?
- Transfer məsələsində heç bir yenilik yoxdur. Heyətin geniş olmasını mən də istəyərəm.
 
- Baş məşqçi kimi ilk dəfə Gəncədə oldunuz. Buradakı ab-havanı necə dəyərləndirərdiniz?
- Gəncədə futbol fərqlidir, azarkeşlər bu idman növünü yaxşı anlayırlar. Gəncə futbol şəhəridir. Ancaq şərait baxımından düzələsi hələ çox şey var.
 
- Oyundan sonra köməkçiniz Rasim Ramaldanov hakimə etiraza görə sarı vərəqə aldı. Belə çıxır ki, hakimliyin səviyyəsi istədiyiniz kimi olmadı?
- Hakimlik üzərində çox dayanmaq istəmirik. Amma birinci epizodda məncə, penalti yox idi. Çünki bilərəkdən zərbə vurulmamışdı. Futbolçumuz top uğrunda mübarizə zamanı əlini açmalı oldu. Ürfan Abbasovun səmimiyyətinə inanıram. Onun bilərəkdən etmədiyinə əminəm.
 
- “Qəbələ” hazırkı heyətlə çempionatda nəyə ümid edə bilər?
- Ötən mövsüm də heç kim “Qəbələ”ni iddialı saymırdı. Ancaq futbolçularım öz iddialarından sona kimi əl çəkmədilər. Həmişə avrokuboklar zonasına düşməyə çalışacağıq.
 
- Hazırkı heyəti qorumaq çətin olmayacaq?
- Heyəti qorumaq daha rahatdır. Futbolçularımızın çoxuna yaxşı təkliflər var. Klub olaraq onların bizimlə davam etmələrinə çalışırıq. Kim hansı təklif edir-etsin, indiki futbolçular heç yerə getməyəcək, bizimlə davam edəcəklər.
 
- Avrokuboklara ən qısa yol ölkə kubokundan keçir. Çempionata, yoxsa kuboka üstünlük verəcəksiniz?
- Hər ikisində mübarizə aparacağıq. Çempionatdan əlimizi üzüb sırf kuboka hazırlaşmaq firimiz yoxdur. Komandanı qarşıdakı matça hazırlaşdırırıq.
 
- Ramon Maçadonun durumu nə yerdədir?
- Hələ dəqiq bilmirik. Amma müəyyən dərəcədə dartılma var. Maçado özü də bunu hiss elədiyini dedi.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest