Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Hakimlər kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.
 
Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 5-ci tur çərçivəsində keçirilmiş "Xarı bülbül" - "Neftçi" qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilmiş, bununla bağlı müvafiq qərar verilməsi xahiş olunmuşdu.
 
Bu gün keçirilən iclasda yuxarıda vurğulanan oyunda "Xarı bülbül" komandasının kapitanı İlqar İmamquliyevin nizam-intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. Bütün bunları nəzərə alaraq AVF-nin reqlamentinə əsasən İlqar İmamquliyevə xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.
 
Xatırladaq ki, Hakimlər kollegiyasının AVF-yə müraciəti fevralın 10-da edilib və həmin gün keçirilməsi nəzərdə tutulan 6-cı turun "Xarı bülbül" - "Murov" matçı da təxirə salınıb. Bu qarşılaşmanın vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest