"Fasilədən sonra hesabı tez bərabərləşdirdik. Bu da qələbə uğrunda mübarizə aparmaq üçün güc verdi"

"Sevilya"nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasının finalında "Roma" ilə keçirilən oyundan sonra sevincini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşə zəif start götürdüklərini etiraf edib:
 
"Oyuna pis başladıq, rəqib meydanda özünü rahat hiss etdi. Amma ikinci hissədə vəziyyəti dəyişdik. Əlavə vaxtda əhəmiyyətli heç nə baş vermədi, penaltilər seriyasında isə uğur qazandıq. Bu mövsüm keçirdiyimiz çətin dövrdən sonra qalib gəldiyimiz üçün şadam. Bu, kluba müsbət təsir göstərə bilər".
 
O, hesabda geri düşsələr də, geri dönüş edəcəklərinə daim güvəndiyini vurğulayıb: "Roma" qol vuranda hamı düşünürdü ki, geridönüş etməyimiz çox çətin olacaq. Ancaq fasilədən sonra hesabı tez bərabərləşdirdik. Bu da qələbə uğrunda mübarizə aparmaq üçün güc verdi. Məşqdəki ilə 60 min azarkeş önündə penalty yerinə yetirmək eyni şey deyil. Əvvəlki mərhələlərdə 11 metrlik zərbələr üzərində məşq etmirdik. Penaltini yerinə yetirəcək futbolçulara güvənirdik".
 
Mendilibar "Sevilya"da qalıb-qalmamasının rəhbərlikdən asılı olacağını bildirib: "Hələ də inana bilmirəm, biz kuboku qazandıq. Tətilə çıxanda nə etdiyimizi düşünməyə başlayacağam. Klub mənə nə təklif edəcək? Nə baş verdiyini görəcəyik. İndi bu andan həzz almalıyıq. Qalanını sonra düşünərəm. Burada çox rahatam".
 
Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında "Roma"nı 4:1 hesabı ilə üstələyən "Sevilya" 7-ci dəfə Avropa Liqasının qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest