“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Molde” ilə keçirəcəyi oyuna təyin olunan belçikalı Erik Lambrexts Azərbaycan komandalarına tanış simadı. Matc.az saytının məlumatına görə, o, 6-cı dəfə təmsilçimizin matçını idarə edəcək.
 
Lambrextsin yolu ilk dəfə U-19 millimizlə kəsişib. O, AVRO-2019-un seçmə mərhələsində komandamızın Lixtenşteyn və İsraillə oyunlarını idarə edib. 2018-ci ildəki matçlarda komandamız səfərdə Lixtenşteynə 3:0 hesabı ilə qalib gəlsə də, evdə İsrailə (1:4) uduzub.
 
O, ilk dəfə 2021-22 mövsümündə Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə qarşılaşmada “Qarabağ”ın oyununa təyinat alıb. Bakı Olimpiya Stadionunda isveçrəlilərlə qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
 
Lambrexts 2022-23 mövsümündə bu dəfə Avropa Liqasının qrupunda “Qarabağ”ın Almaniya “Frayburq”u ilə qarşılaşmasında ədalət təmsilçisi olub. Frayburqdakı matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
 
Belçikalı karyerası ərzində bir dəfə də əsas millimizin oyununu idarə edib. Bu, DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə səfər qarşılaşmasına təsadüf edib. Bu oyunda da serblər 3:1 hesablı qələbə sevinci yaşayıblar.
 
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest