"Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz"

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının XXIV turunda "Sabah" üzərində qazanılan 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.  

- Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib topu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq.  Böyük hesablı qələbəyə baxmayaraq daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.

- Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?

- Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz. ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.

- Bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli hücumçu lazımdı?

- Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdı. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.

- Sona dörd tur qalıb. çempionluq şansınızı necə dəyərləndirirsiz?

- Biz qalib gəlirik, "Neftçi" də udur. İndidən nəsə demək olmur. "Neftçi" də yaxşı komandadı. Azərbaycan klubları son illər inkişaf mərhələsindədirlər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.

- "Neftçi" "Səbail"ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?

- Mən heç "Neftçi"nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdir. Bu gün qalib gəlməliydik. Yolumuza davam edirik.

- Necə düşünürsüz, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?

- Futbolda hər şey mümkündü. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. öz üzərimizə düşən işi görməliyik.

- Son vaxtlar sizi çox tənqid edirlər…

- Hər bir futbolçu tənqid olunmalıdı. Tənqidi qəbul etməyi bacarmaq lazımdı. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest