“Qarabağ”ın qapıçısı Andrey Lunyov ölkəsi Rusiyada “Championat” nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper bu mövsüm Avropa Liqasındakı uğurlu çıxışları ilə bağlı sualları da cavablandırıb.

- Karyeranızda “Braqa” ilə oyun kimi təcrübə yaşamışdınız?

- Xeyr. Avropa Liqasında iki dəfə, əlavə vaxt oynanılıb. Bu, təsnifat mərhələləri idi. Hadisələrin belə inkişafı mənim karyeramda ilk dəfədi.

- Komanda yoldaşınız Elvin Cəfərquliyev bolqar hakim tərəfindən meydandan qovuldu...

- Düzünü desəm, birinci foulu görmədim, xatırlamıram. Amma ikinci epizod sarı vərəqəlik idi.

- Bakıdakı stadionun ab-havası necə idi?

- Əla atmosfer, dolu stadion, yaxşı dəstək var idi. Azlıqda olarkən iki qol vurduqsa, bu, azarkeşlərin sayəsindədi.

- 120+2-ci dəqiqədə qol vuracağınızı gözləyirdiniz?

- Bu, fantastika idi. Meydanın mərkəzindəki kobudluqdan sonra sürətli hücuma başladıq. İlk oyunda yüz faizlik şansı qaçıran Nəriman Axundzadə bu dəfə bizi növbəti mərhələyə daşıdı. “Qarabağ” 1/8 finala yüksəlməyə daha çox layiq idi.

- Paltardəyişmə otağında nələr baş verirdi?

- Müsbət emosiyalar, sevinc, bayram ab-havası var idi. Çoxlu müxtəlif insanlar içəri girdi. Amma şəxsən mən fiziki və emosional baxımdan çox yorğun idim. Ona görə də emosiyalarımda təmkinli idim. Gec olduğu üçün dərhal evə getdim. Amma bəzi videolar diqqətimi çəkdi. Azarkeşlər sevindi. Onlar buna layiq idilər.

- Statistikaya görə, avrokuboklarda ən çox seyv edən qapıçısınız. Hər matçda işiniz çox olur?

- Demək olmaz ki, iş çoxdu. Bəzi oyunlarda daha çox, bəzilərində az olur. Məsələn, “Braqa” ilə qarşılaşmada xilas etməli olduğum anlar yox idi. Buraxılan qollarda kömək edə bilmədim. Belə statistikalar mənim üçün xoşdu, ancaq onlara əhəmiyyət vermirəm. İşimi görməyə çalışıram. Komandanın nəticələri daha önəmlidi.

- “Qarabağ” Azərbaycan çempionatında hücum, avrokuboklarda müdafiə oyunu göstərir...

- Düşünmürəm ki, avrokuboklarda daha çox müdafiə olunuruq. “Braqa” ilə cavab matçı təsadüf idi, çünki qırmızı vərəqə var idi. Bundan əvvəl də çoxlu qol imkanları yaratmışdıq. Aydın məsələdi ki, Avropada rəqiblər çempionatdakından fərqli səviyyədədi. Təbii ki, fərq var, amma biz həm çempionatda, həm də avrokuboklarda öz futbolumuzu oynamağa çalışırıq.

- 1/8 finaldakı rəqibiniz “Bayer” Bundesliqanın lideridi. Çətin olmayacaq?

- Çox oyunlarına baxmışam. Deyə bilərəm ki, indi çempionatda onlara rəqib yoxdu. Hətta “Bavariya” da performans baxımından çox uzaqdadı. “Bayer”in çempionluğuna yalnız möcüzə mane ola bilər.

- “Qarabağ” “Zenit”in Azərbaycan versiyasıdı?

- Qismən belə demək olar. Baxmayaraq ki, misilsiz məqamlar çoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest