Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, idmançı "Fight Night Global" təşkilatının çempionu adına yiyələnib.

Nəriman bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib. Belə ki, "Fight Night Global93" çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən 5 raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər. Daha fəal döyüşən Nəriman qalib gəlib - 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb.

Qeyd edək ki, peşəkarlar arasında 27-ci döyüşünü keçirən idmançı 24-cü qələbəsini qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest