“İsveçlə oyundan fərqli mübarizə oldu. Əlbəttə ki, rəqib də fərqli idi”. Matc.az xəbər verir ki, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Ondrey Duda deyib.

29 yaşlı futbolçu Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisini Bakıda 3:1 hesabı ilə məğlub etdikləri görüş barədə təəssüratlarını bölüşüb.

Duda millimizin hücumçusu Mahir Emrelinin 70-ci dəqiqədə qırmızı vərəqə almasının onları qələbəyə daşıdığını düşünür: “İlk 30 dəqiqəni üstün keçirdik, avtoqolla öndə keçdik. Lakin sonra işi çətinləşdirdik, ötürmə səhvindən sonra hesab bərabərləşdi. Həmin anlarda çox passiv idik. Azərbaycan az qala bizdən revanşı alacaqdı. Ancaq rəqibin oyunçusunun qırmızı vərəqə alması sayəsində qələbə qazandıq”.

Slovakiyanın heyətində 80-ci görüşünü keçirən Duda bəzi səhvlərə yol verdiklərini etiraf edib: “Azərbaycan hesabı bərabərləşdirdikdən sonra daha iki şans əldə etdi. Biz passiv ola bilmərik. Çünki Azərbaycan kimi komanda da qol vurur. Növbəti matçlarda belə şeylərdən qaçmalıyıq”.

Qeyd edək ki, hazırda Slovakiya yığması C liqasının I qrupunda 10 xalla ikinci pillədə qərarlaşır. Aktivində xal olmayan millimiz isə sonuncudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest