Uruqvay milli komandasının baş məşqçisi Marselo Byelsa dünya çempionatı başa çatdıqdan sonra postunu tərk edəcəyini elan edib.
Matc.az xəbər verir ki, 70 yaşlı argentinalı mütəxəssis 2023-cü ildən bəri yığmaya rəhbərlik edir. Onun başçılığı altında uruqvaylılar Kopa Amerika-2024 turnirində bürünc medallara sahib olublar. Byelsa ayrılıq qərarını belə açıqlayıb:
"Bizim birgə fəaliyyətimiz dünya çempionatından sonra başa çatır. İstənilən peşəkarın idman həyatı üçün Mundial əsl sehrdir. Belə bir hadisədən həzz almaq şansı qazandığım üçün şəxsən Uruqvaya minnətdaram".
Byelsa məşqçilik karyerası ərzində Argentina millisi, İspaniyanın "Espanyol" və "Atletik", Fransanın "Lill" və "Marsel", İtaliyanın "Latsio", eləcə də İngiltərənin "Lids" klublarında çalışıb.
Xatırladaq ki, Uruqvay millisi DÇ-2026-nın final mərhələsində H qrupunda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı yığmalarına qarşı mübarizə aparacaq.













