Ukraynalı qapıçı Anatoli Trubin Lissabon "Benfika"sını tərk edərək Turin "Yuventus"una keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "TuttoSport" idman nəşri məlumat yayıb.
Növbəti mövsümdə komandanın əsas qapıçısının kim olacağı ilə bağlı qeyri-müəyyənlik fonunda "Qoca sinyora"nın rəhbərliyi yeni futbolçular axtarır. Namizədlər arasında Donetsk "Şaxtyor"unun sabiq qolkiperi də yer alır.
Trubin son vaxtlar "qartallar"ın düşərgəsini tərk etməyə çalışır. Turin kollektivində bu mövqe üçün əsas favorit "Parma"nın yaponiyalı qapıçısı Dzayon Suzuki hesab olunsa da, onun PSJ-yə keçəcəyi gözlənilir.
"Yuventus"un qapıçı namizədləri arasında "Tottenhem"dən Qulyelmo Vikario və "Frayburq"dan Noa Atubolu da var.
Xatırladaq ki, Trubin 2023-cü ilin avqustunda 10 milyon avro qarşılığında "Şaxtyor"dan "Benfika"ya keçib. O vaxtdan bəri Portuqaliya klubunda 149 matça çıxan qolkiper 144 qol buraxıb və 59 oyunda qapısını toxunulmaz saxlayıb.
Futbolçunun mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir və sözləşmədə 100 milyon avro sərbəstqalma məbləği nəzərdə tutulub.













