"Qalatasaray" hücum xəttini gücləndirmək məqsədilə "Kristal Pelas"ın formasını geyinən İsmayıl Sarrı transfer gündəminə alıb və İngiltərə klubuna ilk rəsmi təklifini göndərib. London təmsilçisi heyətin önəmli parçalarından biri sayılan 28 yaşlı cinah oyunçusunun gedişinə hazırda razılıq verməsə də, seneqallı futbolçunun Türkiyəyə gəlməyə müsbət yanaşdığı bildirilir.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Bildirilir ki, "Kristal Pelas" təcrübəli hücumameyilli oyunçusu üçün 60 milyon avro bonservis qiyməti təyin edib. "Sarı-qırmızılılar" transferi qısa müddətdə bitirmək niyyətində olsa da, İngiltərə təmsilçisini razı salmaq üçün təklifini təkmilləşdirməlidir.
Cari müqaviləsi 2029-cu ilin iyununa qədər olan və transfer dəyəri 45 milyon avro göstərilən Sarr, sağ və sol cinahlarla yanaşı, hücumçu arxasında da çıxış edə bilir. "Kristal Pelas" karyerasında 92 matçda 33 qol və 10 məhsuldar ötürmə müəllifi olan seneqallı ulduz, daha əvvəl "Mets", "Renn", "Vatford" və "Marsel" kimi klubların da şərəfini qoruyub.


_1787347337.jpg)










