UEFA və KONKAKAF Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantinoya qarşı birgə addım atmaq niyyətindədir. Qurumlar rəhbərin dünya çempionatı hüquqlarının bir hissəsini satmaq təklifinə etiraz olaraq ortaq Millətlər Liqası yaratmağı planlaşdırırlar.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, turnirdə UEFA və KONKAKAF-a daxil olan bütün 96 milli komandanın iştirakı nəzərdə tutulur. Yenilənmiş Millətlər Liqasının ilk mövsümü 2028-ci ildə başlaya bilər. Plana əsasən, payızda qrup mərhələsi, martda pley-off, iyunda isə final mərhələsi təşkil olunacaq.
İki ildən bir keçiriləcək turnirin yeni strukturu indiki sistemlə bənzərlik təşkil edəcək və yığmalar müxtəlif liqalara bölünəcəklər. Məsələn, A liqasında Avropadan İspaniya, İngiltərə, Fransa və Almaniya, Şimali Amerikadan isə ABŞ, Meksika və Kanada mübarizə apara bilər.
Hazırda hər iki konfederasiyada Millətlər Liqası matçlarının yığma komandaların eyni oyun təqvimi dövründə keçirilməsi yeni turnirin yaradılmasını asanlaşdıra bilər. Digər tərəfdən, təşkilat daxilindəki ümumi gərginlik fonunda FİFA-nın bu turniri təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.


_1787347337.jpg)










