"Planlar odur ki, gələcəyə doğru addımlayaq"

"Gəncəbasar" klubunun icraçı direktoru İlqar Nadiri komandanın yaradılması, gələcək planları və ev oyunlarını keçirəcəkləri məkanlar barədə danışıb.

Matc.az xəbər verir ki, İlqar Nadiri Gəncənin ikinci təmsilçisinin rəhbəri klubun formalaşma prosesindən bəhs edib:

"Layihə ilə bağlı son bir ildir müzakirə gedirdi. Bu müzakirələrin bir sonluğu olmalı idi və bu günə qismət oldu. "Cəbrayıl" klubunu aldıq və adını dəyişdik, Gəncədə ikinci klubun təməlini qoyduq".

Klubun hələ yeni yarandığını və struktur formalaşdırmaq istədiklərini deyən icraçı direktor Gəncənin böyük şəhər olduğunu və çempionatda özünəməxsus iz qoymaq niyyətində olduqlarını vurğulayıb:

"Planlar odur ki, gələcəyə doğru addımlayaq. Yeni yaranmış klub haqda nələrsə danışa bilmərik, işimizlə, komandanın nəticələri ilə və strategiyası ilə göstərməyə çalışacağıq".

İlqar Nadiri komandanın ev oyunlarını keçirəcəyi arenalara da aydınlıq gətirib:

"Ev oyunlarımızı – uzun müddətdir müzakirələr gedir – Gəncə şəhər stadionunda keçirəcəyik. Ehtiyat meydança kimi isə Yevlax şəhər stadionunu seçmişik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest