"Real"ın baş məşqçisi Joze Mourinyo La Liqanın ilk turunda "Espanyol"la keçiriləcək oyundan əvvəl komandanın hücumçusu Vinisius Juniorun əhval-ruhiyyəsi və müqaviləsinin yenilənmə müddəti barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssis braziliyalı ulduzun komandada xoşbəxt olduğunu və qələbələr qazanmaq istədiyini bildirib.
Mourinyo hücumçunun müqaviləsinin uzadılması prosesinin onun üçün sürpriz olmadığını qeyd edib:
"Vinisiusun dünyanın ən yaxşısı, ilk "üçlük"də və ya "onluq"da olub-olmadığını qiymətləndirmək istəmirəm. Bu cür oyunları çox sevmirəm, lakin o, sözsüz ki, dünyanın ən yaxşı futbolçularından biridir. Ən yaxşılar isə burada olmalıdırlar.
Əvvəllər digər məşqçilərlə niyə problem yaşadığını bilmirəm. O, mənim taktikamı mükəmməl başa düşür. Düşünürəm ki, o, xoşbəxtdir, oyunlara hazırlıq planımıza güvənir və qalib gəlmək istəyir. Bizim hər bir qısa söhbətimiz həmişə bu sözlərlə bitirdi: "Gəl inkişaf edək, gəl yenidən qalib gələk və gəl xoşbəxt olaq.
Mən klubun sükanı arxasına keçəndə və onun müqavilə vəziyyəti barədə mənə məlumat veriləndə ilk növbədə soruşdum: "O, qalmaq istəyir, yoxsa yox?" Və o, qalmaq istəyirdi. Sonrası sadəcə rəqəmlər və onun agentləri ilə bağlı məsələ idi, çünki onun özü burada qalmağı arzulayırdı. Həmin an tamamilə sakit idim".
Vinisius avqustun əvvəlində "Real" ilə müqaviləsini 2032-ci ilin yayına kimi uzadıb. Braziliyalı oyunçu 2018-ci ilin yayından Madrid klubunda çıxış edir. O, bu komandaya Braziliya "Flamenqo"sundan 45 milyon avroya transfer olunub. Vinisius ötən mövsüm "Real"ın heyətində 53 matçda meydana çıxıb, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.












