Malayziyanın "Cohor" klubu milli çempionatda ardıcıl məğlubiyyətsizlik oyunlarının sayına görə dünya rekorduna imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yeni mövsümün ilk turunda "Kucinq"ə 3:0 hesabı ilə qalib gələn komandanın məğlubiyyətsizlik seriyası 109 qarşılaşmaya çatıb.
Malayziya təmsilçisi bununla da Fil Dişi Sahilinin "ASEK Mimoza" klubunun rekordunu geridə qoyub. Afrika təmsilçisi 1989-1994-cü illərdə çempionatda ardıcıl 108 matçda meydanı məğlub tərk etməyib. "Cohor" ötən mövsümün son oyununda bu nəticəni təkrarlamağı bacarmışdı.
Sözügedən komanda ölkə çempionatında son dörd mövsümün qalibi olub. Rekordçu klub Malayziya birinciliyində 2021-ci ilin aprelindən bəri məğlubiyyət üzü görmür.












