"Orada oynamaq fərqlidir, daha çox sakitlik var".
"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak "Sabah"ın UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsindən sonra ölkə futbolumuz və Bakı təmsilçisinin polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç barədə maraqlı fikirlər səsləndirib. Jezniçak Azərbaycanda oynadığı dövrü xatırlayıb.
Matc.az xəbər verir ki, bu barədə o, Polşanın "WP SportoweFakty" nəşrinə danışıb.
Jezniçak 2017-ci ildə Ağdam təmsilçisi ilə qitənin bir nömrəli turnirinə vəsiqə qazandıqları gecə paytaxtda yaranan izdihamı bu cür təsvir edib: “Biz vəsiqə qazandıqdan sonra bütün şəhər ayağa qalxmışdı. Kopenhagendən gecə qayıtdıq, küçələrdə avtomobillərin siqnalları, insanların qışqırıqları eşidilirdi. Çempionat oyunlarına bilet pulsuz olsa da, çok az adam gəlirdi. Avrokuboklarda isə 70 min tamaşaçı tutan Olimpiya stadionu tam dolurdu”.
O, yerli futbol mühitindəki daxili rahatlıq və təzyiqin azlığından söz açarkən öz ölkəsini sərt tənqid edib: “Orada oynamaq fərqlidir, daha çox sakitlik var. Bir dəfə də olsun nifrətlə qarşılaşmadım. Bəlkə də buna görə yaxşı formaya düşmək daha asandır. Media da o qədər aqressiv deyil. Açığı, məcbur olmasaydım, Polşaya, bizim bu "cəhənnəmimizə" qayıtmazdım”.
Veteran oyunçu Timoteuş Puxaçın Bakıya gəlişinin Polşada gülüş hədəfinə çevrilməsinə də münasibət bildirib: “Legiya"dan Bakıya gedəndə haqqımda çox şey eşitdim. Timoteuşun da başına oxşar şey gəldi. İnsanlar ona gülürdülər: "Nə edir, hara gedir?" Düşünürəm ki, indi peşman deyil”.
Paytaxtın infrastrukturunu və restoran şəbəkəsini yüksək qiymətləndirən polşalı Bakı üçün fərqli bir bənzətmə istifadə edib: “Timoteuşun orada hər şeyi var. Çox yaxşı restoranlar var, elələri var ki, Polşada yoxdur. Mən həmin oranı "kiçik Dubay" adlandırırdım”.
O, hazırkı rəqibləri olan "Sabah" klubunun keçdiyi böyük inkişaf yolunu və futbolumuzun səviyyəsini bu sözlərlə etiraf edib: “Sabah" çox inkişaf edib. Mən oynadığım vaxtlarda onları böyük hesablarla məğlub edirdik. Amma elə o vaxt da yaxşı infrastruktura malik gözəl stadionları var idi”.
Həmyerlisinin son vaxtlar sərgilədiyi performansa toxunan Jezniçak onun milli komandaya dəvət almalı olduğunu diqqətə çatdırıb: “Timoteuş oynayır, yaxşı formadadır və Çempionlar Liqasına vəsiqə qazanıb. Milliyə dəvət olunmağa və heyətdə yer uğrunda mübarizə aparmağa layiqdir”.













