"Mançester Yunayted" qışda "Sevilya"da icarədə olan "Milan"ın və Fransa millisinin yarımmüdafiəçisi Yussuf Fofananın transferini reallaşdırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "VamosMiSevilla" nəşri məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçunun oyun səviyyəsi 2027-ci ilin əvvəlində yarımmüdafiə xəttini gücləndirmək istəyən "qırmızı şeytanlar"ın rəhbərliyini tam razı salıb. Lakin fransalı oyunçunun "Sevilya"dan vaxtından əvvəl ayrılması transferdə problem yarada bilər.

İspaniya klubu ilə icarə müqaviləsi satınalma seçimi olmadan 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub, "Milan"ın oyunçu ilə sözləşməsi isə 2028-ci ilə qədərdir.

Əgər İtaliya klubu "Mançester Yunayted"in təklifini qəbul etmək qərarına gəlsə, o, icarə müqaviləsini birtərəfli qaydada ləğv etməli olacaq. Bu isə "Milan"ı "Sevilya"ya böyük məbləğdə maliyyə təzminatı ödəmək məcburiyyətində qoyacaq.

Cari mövsümdə Fofana La Liqada 4 matçda iştirak edib və 1 qol vurub. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest