"Barselona"nın prezidenti Joan Laporta UEFA Çempionlar Liqasında "Qalatasaray" ilə keçiriləcək oyun öncəsi açıqlama verib.
Matc.az xəbər verir ki, klub rəhbəri İstanbul haqqında danışarkən bu şəhəri çox bəyəndiyini və hər kəsə tövsiyə etdiyini bildirib.
O, "Qalatasaray"ın stadionundakı atmosferə toxunaraq "Orada əsl futbol havası var. Stadion sanki cəhənnəmdir, amma futbolçu üçün belə matçlarda oynamaq böyük zövqdür" deyib.
"Real"ın şikayətləri ilə bağlı sualları cavablandırmaqdan yayınan Laporta, komandanın Hansi Flikin rəhbərliyi altında yaxşı forma daxil olduğunu və futbolçuların motivasiyasının yüksək olduğunu vurğulayıb.
Prezident bu mövsüm əsas hədəflərinin Çempionlar Liqasını qazanmaq olduğunu bəyan edib. O, iddialı bir heyətin qurulmasında idman direktoru Dekonun və komandasının böyük əməyi olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, "Qalatasaray" – "Barselona" qarşılaşması bu gün "RAMS Park" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













