AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və ölkə çempionatlarında baş verən qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və ölkə çempionatlarında baş verən qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi internet saytı məlumat yayıb.
Azərbaycan Premyer Liqasının VII turunun "Araz-Naxçıvan" – "Kəpəz" oyununda hesab tablosu işləmədiyinə görə meydan sahibləri 2000 manat cərimə olunub. "Neftçi" – "Sabah" matçında isə "ağ-qaralar"ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün paytaxt klubu 5000 manat ziyana düşüb. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan "Sabah" isə 700 manat cərimə edilib. Bundan başqa, "İmişli" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "İmişli" klubu 2500 manat cəriməyə məruz qalıb.
Azərbaycan Kubokunun I təsnifat mərhələsində də cəzalar qeydə alınıb. "Difai" – "Zəngəzur" matçından sonra paltardəyişmə otağına zərər vurulduğu üçün "Zəngəzur" komandası 100 manat cərimə olunub. "Şirvan" – "Kür-Araz" görüşü "Şirvan" komandasının formasında problem olması səbəbindən gec başladığına görə bu klub 150 manat cərimə edilib. "Ağdaş" – "Hypers" oyununun 6-cı dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edərək birbaşa qırmızı vərəqə alan Saleh Süleymanov 1 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimə olunub. Eyni oyunda azarkeşləri pirotexniki vasitələrdən istifadə edən "Hypers" əlavə olaraq 300 manat da cərimə edilib.
I Liqanın IV turunda "Səbail" – "Karvan-Yevlax" oyununda 5 futbolçusu sarı vərəqə görən yevlaxlılar 210 manat cərimələnib. "Şimal" – "Xankəndi" matçı qonaqların formasındakı problem ucbatından gec başladığı üçün "Xankəndi" 450 manat cəriməyə məruz qalıb. "Gəncəbasar" – "Baku Sportinq" oyununda 4 futbolçusu vərəqə alan Bakı təmsilçisi 210 manat cərimə edilib.
Əvəzedicilər Liqasının V turunda isə "İmişli-2" – "Neftçi-2" matçında 4 oyunçusu xəbərdarlıq alan qonaqlar 70 manat cərimə olunub. "Kəpəz-2" – "Qəbələ-2" oyununun 37-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edən gəncəlilərin 2 nömrəli futbolçusu Arzu Atakişiyev birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 100 manat cərimələnib. "Zirə-2" – "Qarabağ-2" matçının 68-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan "Qarabağ-2"nin məşqçisi Muarem Zekir 4 oyunluq cəzalandırılıb, Ağdam klubu isə 1000 manat cərimə edilib.













