19 Noyabr 2026, 17:25
FUTBOL
“Mançester Siti” ətrafında maliyyə qaydalarının pozulması ilə bağlı yaranan qalmaqal klub azarkeşlərinin bir qisminin narazılığına səbəb olub. Matc.az xəbər verir ki, bu vəziyyətdən Mançesterin aşağı liqasında çıxış edən başqa bir komanda da yararlanmağa çalışır.
“The Guardian”ın məlumatına görə, İngiltərənin 10-cu divizionunda mübarizə aparan “Meyn Roud” klubu “Mançester Siti”dən narazı olan və ya Premyer Liqa futbolunun yüksək qiymətlərindən bezən azarkeşləri öz oyunlarına dəvət edib.
1955-ci ildə “Mançester Siti” azarkeşlərinin yaratdığı komanda göy rəngli forması və keçmiş “Meyn Roud” stadionunun adını daşıması ilə diqqət çəkir. Klubun gerbi də Premyer Liqa təmsilçisinin embleminə bənzəyir.
Bu addım “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı işdə təqsirli bilinməsindən sonra atılıb.
Qeyd edək ki, “Siti” qərardan apellyasiya şikayəti verib və hər hansı qanun pozuntusunu inkar etməkdə davam edir.













