Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçirilən oyunlarda klublar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçirilən oyunlarda klublar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.
 
Matc.az xəbər verir ki, "Səbail"lə "Keşlə" arasında keçirilən turun açılış oyununa xüsusi hazırlıq diqqət çəkib. Belə ki, "ASCO Arena"nın tribunalarına işğal altında olan rayonların adları həkk olunub. Komandalar isə meydana "Şəhidlər ölməz, Vətən bölünməz" pankartı ilə çıxıb. Ardından dövlət himni səslənib.
 
Qeyd edək ki, sözügedən qarşılaşma 1:1 hesabıyla başa çatıb. Matçın 49-cu dəqiqəsində qonaqlardan Rəhman Hacıyev, cəmi 2 dəqiqə sonra isə meydan sahiblərinin üzvü Bahadur Həziyev fərqlənib. Hər iki futbolçu qol sevincini əsgər salamı verərək yaşayıb. Onlara həmçinin komanda yoldaşları da qoşularaq, vurulan qolları Dağlıq Qarabağda torpaqlarımızı işğal altından xilas etməyə çalışan Azərbaycan Ordusuna həsr ediblər.
 
Günün ikinci oyununda da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb. "Qarabağ"la "Qəbələ" arasında keçirilən matçın tribunalarını "Qarabağ Azərbaycandır!" pankartı və Azərbaycan bayraqları bəzəyib.
 
Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı ömər Nəsirovun şəkli yer alıb. Futbolçular isə əllərində "Əmrinizdəyik, cənab Ali Baş Komandan" pankartı ilə Azərbaycan himnini oxuyublar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest