17 Oktyabr 2020, 17:09
MPL
"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla baş tutan matçdan sonra təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:
"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".
55 yaşlı mütəxəssis qələbə əzmi ilə çıxdıqları qarşılaşmadan 3 xalla ayrıla bilməmələrindən təəssüfünü ifadə edib. Bununla belə, Hüseynov komandasının pis təsir bağışlamadığını vurğulayıb. Onun fikrincə, "Səbail" uduzduğu əvvəlki oyunlarda yaxşı oyun sərgiləyib. Təcrübəli baş məşqçi fərqlənmək üçün imkanlarının həddindən artıq olduğunu iddia edib:
"Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudur: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq".
Hüseynov fərqlənə bilməmələrinə "Səbail"in qapıçısı Nikolas Hagenin bir neçə epizodda mane olduğunu da vurğulayıb: "Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi".