"Olimpiadaya hazırlaşıram". Bunu boks yığmamızın üzvü Lorenso Sotomayor deyib. Matc.az xəbər verir ki, millimizin kubalı legioneri müntəzəm olaraq, instagram profilində canlı yayıma çıxır. Hazırladığı təamlar barədə danışıb, izləyicilərinin suallarını cavablandıran Sotomayor bu günkü yayımında hamını şoka salıb.
O, soyuducudan çıxardığı "Kuler" pivəsini nümayiş etdirərək, sevinclə "pivə var, pivə" söyləyib.
Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, boks yığmamız Tokio Yay Olimpiya Oyunlarına hələlik bir lisenziya qazanıb ki, bu hüquqa Tayfur Əliyev yiyələnib. Amma Rio-2016-da gümüş medala sahib çıxmış legionerin sonuncu dəfə hansı yarışda fəxri kürsüyə yüksəlməsini kimsə xatırlamır. Bu azmış kimi, yüksəködənişli idmançının Olimpiada öncəsi canlı yayımda spirtli içki nümayiş etdirməsi təəssüf doğurur. Görünür, federasiya rəhbərliyi, milli komandanın məşqçiləri kubalı legionerə nəzarət edə bilmir.