"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri matçı şərh edib.
 
Matc.az xəbər verir ki, Qurbanov, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi təbrik edirəm. Həqiqətən, çox istəkli idilər. Samir Abasovu ürəkdən təbrik edirəm. Ona uğurlar arzu edirəm. öz futbolçularımı təbrik edirəm. Hər zaman mən ümumi işi götürərəm. Futbolçularım neçə illərdir çox əziyyət çəkirlər. Həm millidə, həm kubokda, həm avrokuboklarda çox oyun keçirirlər. Hər zaman komandadan uğur tələb olunur. Bu da futbolçuda gərginliyi artırır. çalışırıq ki, bu komandanı qoruyub saxlayaq.
 
- Komanda yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq. Komandanı bu turnirə kökləmək çətin olmayacaq?
- Belə deməzdim. Hər halda, Avropa təcrübəsidir. Bizim üçün hər oyun böyük təcrübədir. Yeni turnirdə iştirak etmək bizim üçün maraqlı olacaq. İndi futbolçulara istirahət lazımdır. İstirahətə çox ehtiyacımız var. Konfrans Liqasında maksimum dərəcədə yaxşı çıxış etməyə çalışacağıq.
 
- Bu məğlubiyyətə səbəb nə idi?
- Elə də ciddi səbəb görmürəm. İlk hissədə Patriki, ikinci hissədə də Mahiri itirdik. Digər tərəfdən üçüncü hücumçunu meydana buraxdıq. Futbolda belə epizodlar olur. Rəqibin qolu zamanı qarışıqlıq yarandı.
 
- Xaymer Romeronun epizodunda penalti olduğunu düşünürsüz? Samir Abasov penalti olmadığını dedi...
- Kimə necə sərf edirsə, elə deyə bilər (gülür). Romeronun epizodu mənə elə gəlir ki, yüz faizlik penalti idi. Bu epizoda görə uduzduq deyə, özümə haqq qazandırmaq istəmirəm. Nəticədə məğlub olduq. Mən düşünürəm ki, Romeronun epizodunda penalti var idi.
 
- Sizi ən çox məyus edən nədir?
- Mən indi bu komandada özümü daha rahat hiss edirəm. Torpaqlarımız geri alınandan sonra "Qarabağ"da özümü daha rahat hiss edirəm. Torpaqlar düşmən əlində olanda mənə başqa cür təsir edirdi. Daima həyəcan, qorxu içində olurdum. Düşündüklərimi meydanda tam yerinə yetirə bilmirdim. Ancaq indi daha ürəkli olmağa çalışıram. Biz hər gələn legionerə Qarabağın işğal altında olduğunu izah edirdik, onlara bu məsuliyyəti aşılayırdıq. Azarkeşlərimizə görə heyfslənirəm. çünki il boyu komandanın çempionluğunu gözləyirlər. Bu gün bazamızdan çıxanda xeyli sayda azarkeş gəlib, bizi yola saldı. Bircə, onlara görə heyfslənirəm. Qarşıdakı illərdə komandada bəzi dəyişikliklər edilə bilər. Son iki ildə gedən futbolçuların yerini doldura bilmirik. İnşallah, biz yenə də öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq.
 
- Qarşıdakı mövsümdə ev oyunlarından birini Ağdamda keçirmək fikriniz var?
- Belə fikir hər zaman olub. Sadəcə, bizim ora getməyimiz hələ tezdir. çünki orada bərpa işləri gedir. Nə vaxt tam bərpa olunsa, niyə getməyək? Dövlət proqramını gözləməliyik, görək nə qərarlar veriləcək.
 
- Avqustun 21-də çempionat başlayanda ölkədə koronavirusla bağlı vəziyyət gərgin idi. Bu mövsüm karyeranızın ən çətin mövsümü ola bilər?
- Deməzdim. Bu il çox problemli il oldu. Mövsüm ərzində zədələrə görə çox problem yaşadıq. Bu oyunda da yenə iki futbolçum zədələndi. Belə problemlər olur. Oyuna hazırlaşmaq üçün də vaxtımız az idi. Tez əvəzetmə düşünməmişdik. ümumilikdə, mövsümü çətin yox, gərgin adlandırardım. "Legiya" ilə səfər oyununda müharibə gedirdi və bütün düşüncəmiz əsgərlərimizin yanında idi. Buna baxmayaraq, orada qələbə qazana bildik. Biz belə gərgin oyunlarda bütün futbolçularımıza güvənirik. Məğlub olsaq da, bir neçə uğur əldə etmişik.
 
- Bu mövsüm çempionluq üçün nə etməli idiz deyə, özünüzə sual vermisiz?
- Nə etmək lazım idisə, etdik. Sadəcə, bayaq sadaladığım problemlər oldu. Bunlara baxmayaraq, çempionluq üçün hər şeyi etdik. Futbolçulara bu oyundan sonra ilk sözüm o oldu ki, biz məğlub olmağı bacarmalıyıq. Məğlub olmağı bacarmasaq, uğur əldə edə bilmərik. Hər komanda bizə qarşı daha yaxşı hazırlaşır, istəkli olur. Bu il ən çox topa sahib olduğumuz, qol epizodu yaratdığımız, qol vurduğumuz və ən az qol buraxdığımız illərdəndir. Bir az da keyfiyyətimizi qaldırsaq, daha yaxşı uğurlar əldə edə bilərik. Ruhdan düşməli deyilik, komandama güvənirəm. 
 
- Yeni mövsümlə bağlı nələr deyə bilərsiz?
- Bakıda olacam, uzağa getməyəcəm. Müqaviləsi bitən futbolçularla bağlı məsələni tez bir zamanda yoluna qoymağa çalışacağıq. Daha çox futbolçu istəyirik. Bilirsiz ki, Mahir Emreli də gedir. çalışacağıq ki, ilk növbədə əlimizdə olan futbolçuları saxlaya bilək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest