Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan "Turan Tovuz" – "Qarabağ" oyunundan əvvəl anlamlı jestlə yaddaqalan olub. Matc.az saytı xəbər verir ki, topa ilk toxunuşu 2018-ci ildə erməni təxribatı nəticəsində xəsarət alan Elgün Hüseynov edib.
 
Hakimin start fitindən sonra Əlibəyli kənd sakini olan 18 yaşlı Hüseynovun topa toxunuşu stadiona toplaşan azarkeşlərin alqışları ilə müşayiət olunub.
 
Qarşılaşmadan bir neçə saat əvvəl isə Peşəkar Futbol Liqası (PFL) klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib. PFL əməkdaşları, şəhid ailələri, qazilər, "Turan Tovuz" və "Qarabağ" klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının ("Turan Tovuz"un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.
 
Qeyd edək ki, 2018-ci ildə minaya düşən Elgün Hüseynovun sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest