Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış "Turan Tovuz" - "Qarabağ" (0:2) matçından sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış "Turan Tovuz" – "Qarabağ" (0:2) matçından sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
 
- Möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. çünki "Qarabağ"ın gəlişini çoxları səbirsizliklə gözləyirdi. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün "Qarabağ"a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Oyundan sonra futbolçuara da dedim ki, bizi qarşıda 3 gün sonra "Kəpəz"ə qarşı daha çətin matç gözləyir.
 
- Zədəli futbolçuların son durumu nə yerdədi?
- Oqebukvu Henri sarı vərəqə cəzalısı idi, Natan Oduva artıq zədəsini bərpa edib. Böyük ehtimalla, "Kəpəz"ə qarşı oynayacaq. Digərlərinin durumu hələlik qeyri-məüyyəndi.
 
- Bu mövsüm ilk dəfə qapıda Kamal Bayramova şans verdiz. Onun çıxışından razı qaldınız?
- Kamal təcrübəli qapıçıdı. özü də tovuzludu, sevə-sevə doğma rayonunun komandasına qoşulub. Tərlan Əhmədlinin ağrıları olduğu üçün Kamala bu gün şans verdik. ümumən böyük bir səhvi olmadı.
 
- Komandanın qurulmasında iştirak edən bir məşqçi kimi fikirləriniz maraqlıdı, Futbolun İnkişaf Fondundan gözləntiləriniz nədir?
- Onlar tez-tez Tovuzda olurlar. Daim ünsiyyətdəyik. Tək bizə yox, bölgədəki digər komandalara da kömək etmək istəyirlər. Reallıq budur ki, son 6-7 ildə hər kəs futbolun inkişafı üçün bölgələrin Premyer Liqada təmsil olunmasını qeyd edirdi. Bu gün ilk addımlar atılır. Artıq "Qəbələ" ilə yanaşı, "Şamaxı", "Kəpəz", "Turan Tovuz" da var. Amma futbolu inkişaf etdirmək üçün kənardan dəstək lazımdı. Maliyyəyə ehtiyac duyulur. Futbolçu da istəyir yaxşı şəraitdə çıxış etsin, Bütün bunlar isə vaxt tələb edir. Tovuz azarkeşləri 10 ildə "Qarabağ"ı dəstəkləyirlər. Bu gün ilk dəfə canlı görürdülər komandanı. Futbolun İnkişaf Fondu da bütün bunlardan piar kimi faydalanır. Böyümək üçün maliyyə lazımdı. Maliyyəsiz bizə də, "Kəpəz"ə də çətin olacaq. İddialılarla həqiqi mənada mübarizə aparmaq istəyiriksə, maliyyə lazımdı.
 
- Qarşıda "Kəpəz"lə derbi matçınız var...
- "Kəpəz"də irəliləyiş görünür. Evdə daha yaxşı çıxış edirlər. Bu mövsüm sona qədər mübarizə olacağını bilirdik. çətin oyun olacaq. Bir az sıx qrafikdə oynadıq. Bu da təsir edəcək. Nələrsə dəyişib hazır olmalıyıq.
 
- Qurban Qurbanov süni örtükdən gileyləndi. Siz də kasad heyətlə burada məşq edirsiz...
- Təbii meydança etsək, büdcəmiz qalmayacaq. Təbii edib, komanda olmamasındansa, sünidə oynamaq daha yaxşıdır. Mən də məşqin keyfiyyətində fərqi hiss edirəm. Bəzi legionerlər süni örtük görməyiblər. Zədələr olur. İnkişaf istəyiriksə, hamısı dəyişilməlidir. Tovuzda təbii meydança olsa, 3 dənə də yardımçı meydançamız olmalıdır. Buna vaxt lazımdır. İndi bunu tələb etmək olmaz. Hələ digər problemləri həll edirik. 10-12 il əvvəl Sumqayıt, Qəbələdə elə meydançaların olacağı bilinmirdi. Amma yaradıldı.
 
- Hər məşqdə, oyunda 1-2 futbolçu itirsəz, qarşıda meydanda buraxmağa futbolçu tapmayacaqsız...
- Elə də geniş heyətimiz yoxdur. Ehtiyat qüvvəmiz gənclərdir. Onlara güvənirik. Ehtiyatdakı oyunçuların da 3-ü zədəli idi. Bu, məşqçilərə problem yaradır. Bunu bilirik və keçməliyik. Burada kəndlər var ki, yaxşı meydançalar salmaq olar. Bunsuz mümkün deyil ki, futbolda böyük addımlar atasan.
 
- Runi Evanın "Neftçi"nin, digər hansısa futolçunuzun başqa klubların maraq dairəsinə düşməsi barədə xəbərlər var. Bu çətinliyin öhdəsindən necə gəlməyi düşünürsüz?
- İstəyərik ki, öz komandamızın onurğasını saxlayaq. İlk ilimizdir, yeni futbolçular var. çətinlik çəkirik. Yayda problem yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir və danışıqlara başlamalıyıq. Klub inkişaf etmək istəyirsə, 1 illik müqavilə olmamalıdır. Azı 3 illik olmalıdır. "Sumqayıt"da da belə çətinlik çəkirdik. Avrokuboka çıxan komandadan 8-9 futbolçu getmişdi. İndi oyunçularımıza təklif gəlməsi normaldır. Amma müqavilələri 2-3 illik etməliyik. Yaxud futbolçuları satmağı düşünməliyik ki, maliyyə qazanaq. Belədə başqa oyunçu dəvət edə bilərik. Klubların büdcəsi əvvəldən bilinməlidir. İndi növbəti yayı fikirləşə bilmirik. Hələlik bu mövsüm üçün vəd etdiklərimizi yerinə yetirməyə çalışırıq. Legioner gedəndə də yaxşı getməlidir. Maliyyəmiz olsa, qışda da oyunçu gətirə bilərik. Amma indi bu, güclənməyimizə imkan vermir.
 
- "Şamaxı" ilə matçdan sonra azarkeşlərlə bağlı dedikləriniz narazılıqla qarşılandı və azarkeşləri kateqoriyalara böldüyünüz deyildi...
- Kateqoriyaya bölməmişəm. Mən fikirləşirəm ki, iki cür azarkeş var. Biri hər gün klubun yanında olanlar, digəri tamaşaçılardır. Oradakı məqam azarkeşlərə aid deyil. İnkişaf istəyiriksə, tribuna da inkişaf etməlidir. Bu gün tribuna möhtəşəm idi. "Qarabağ" tərəfi dedi ki, sanki evdə oynayırdıq. Bəzi azarkeşlərin gəlib hansısa ifadələr işlətməsi futbolçuları həvəsdən salır. Yeni komanda qurulub. Azarkeşlər futbolçuları həvəsdən sala bilər. Futbolçular bura gələndə belə məqamlarla da maraqlanır. O söhbətin də xeyiri oldu. Son 4-5 gündə böyük dəstək gördük. Məşqlərimizə gəldilər, zənglər etdilər. Hirslənənlər də başa düşdülər ki, heç kimi təhqir etmək olmaz. ümumiyyətlə, hər bir fikrim müzakirə oluna bilər. Normaldır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest