19 İyul 2023, 17:16
TOP OYUNLARI
Bu gün voleybol üzrə çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup" yarışlarının püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.
Belə ki, ölkəmizi qadınlar arasında "Challenge Cup"da təmsil edən "Azərreyl"in ilk rəqibi Ukraynanın "SC Balta" klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarı bülbül" Şuşa klubunun rəqibi isə "TJ Spartak Myjava" klubu olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi "Xarı bülbül" Şuşa komandasının yeni seçilmiş prezidenti Nuran Hüseynov, klubun təsisçi-direktoru və komandanın kapitanı İlqar İmamquliyev təmsil ediblər.