"The Athletic" nəşri 2026-cı il dünya çempionatının 1/4 final mərhələsi iştirakçılarının turnirin əvvəlindən bəri qət etdikləri təxmini məsafələri geniş şəkildə hesablayıb.

Matc.az xəbər verir ki, bu barədə sözügedən idman nəşri geniş analitik məlumat yayıb.

Bildirilir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirdə ən uzun marşrut İngiltərə millisinə məxsus olub. Tomas Tuxelin rəhbərlik etdiyi komanda turnir boyu 17 541 km məsafə qət edib ki, bu da Fransanın göstəricisindən təxminən altı dəfə çoxdur. İngiltərə yığması hər matçdan sonra Kanzas-Sitidəki bazasından Dallas, Boston, Nyu-York/Nyu-Cersi, Atlanta, Mexiko və Mayamiyə uçub, oyundan dərhal sonra yenidən Kanzas-Sitiyə geri qayıdıb.

Mərakeş yığması da oyunlar arasında Nyu-Cersidəki bazasına müntəzəm dönüşlər edib. Afrika təmsilçisi Boston, Atlanta, Monterrey və Hyustonda matçlara çıxıb, 1/4 final üçün isə yenidən Bostona yollanıb. Mərakeşlilərin ümumi marşrutu 13 642 km təşkil edib.

Turnirə Tennessi ştatının Çattanuqa şəhərindəki bazada başlayan İspaniya millisi Atlantada iki, Qvadalaxarada isə bir oyun keçirdikdən sonra bu ştatı birdəfəlik tərk edib. İspanlar daha sonra Lonq-Biçdən Los-Ancelesə, oradan Dallasa keçib və 1/4 finalda Belçika ilə qarşılaşmaq üçün yenidən Los-Ancelesə qayıdıblar. Avropa çempionları ümumilikdə 12 594 km yol qət ediblər.

Norveç yığması qrup mərhələsində Boston və Nyu-York/Nyu-Cersidəki oyunlardan sonra Şimali Karolinadakı Qrinsboro bazasına qayıdıb. Dallasdakı 1/16 final matçından sonra bu praktikaya son qoyan norveçlilər ardınca Nyu-York/Nyu-Cersi və Mayamiyə səfər edərək ümumilikdə 11 035 km məsafə qət ediblər.

İsveçrə yığması qrup mərhələsində San-Dieqoda bazalaşaraq San-Fransisko, Los-Anceles və Vankuverə səfərlər edib. Pley-offdan əvvəl Kaliforniyaya qayıtmağı dayandıran komanda 1/16 və 1/8 final oyunları üçün Vankuverdə qalıb. Onlar 1/4 finalda Argentina ilə qarşılaşmaq üçün Kanzas-Sitiyə gəliblər və cəmi 9 796 km yol qət ediblər.

Argentina millisi isə proqramını Kanzas-Sitidəki bazası ətrafında qurub. Lionel Messinin komandası Kanzas-Siti və Dallasda iki, Mayami və Atlantada isə bir oyun keçirib. 1/4 finalı yenidən Kanzas-Sitidə oynayacaq cənubi amerikalılar ümumilikdə 9 250 km uçublar.

Bazasını Vaşinqton ştatının Renton şəhərində quran Belçika yığması Sietldə üç, Vankuverdə isə bir oyun keçirib. Belçikalılar İspaniya ilə 1/4 final görüşü də daxil olmaqla iki dəfə Los-Ancelesə yollanmalı olublar və ümumi marşrutları 5 156 km təşkil edib.

Fransa millisi isə 1/4 finala ən qısa marşrutla gəlib çıxıb. Bostonda məskunlaşan komandanın demək olar ki, bütün oyunları eyni regionda – qrupda və pley-offda Nyu-York/Nyu-Cersi, Filadelfiya və Foksboroda baş tutub. Fransızların ümumi yolu cəmi 3 091 km olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest