02 Oktyabr 2023, 16:14
FUTBOL
"Bu ildən birinci liqa ilə əvəzedicilərin çempionatının ayrılması məni çox sevindirdi". Bunu matc.az saytına açıqlamasında veteran futbolçu Hüseyn Məhəmmədov deyib.
49 yaşlı sabiq qapıçı yeni liqaların yaradılmasının Premyer Liqadakı komanda sayına da təsir edəcəyini düşünür:
"I Liqa ilə əvəzedicilərin çempionatının ayrılması, II Liqanın yaradılması onu deməyə əsas verir ki, yaxın illərdə Premyer Liqada komanda sayını artırmağa çalışacaqlar. Belə də olmalıdı. Federasiya çalışır ki, bölgələrdə futbol olsun. Komandalarımızın sayı nə qədər çox olsa, futbolumuz bir o qədər tez inkişaf edər. Sponsorların çıxıb aşağı liqalarda region klublarımıza dəstək olması onu göstərir ki, tez bir zamanda Premyer Liqada iştirakçı sayını artıracaqlar. İmkan daxilində hər iki liqanın oyunlarına baxıram. Böyük azarkeş marağının şahidi oluram. I Liqa və II Liqanın yaradılmasında məqsəd odu ki, gələcəkdə Premyer Liqada komanda sayı artsın".
Qeyd edək ki, bu mövsüm I Liqada 10, II Liqada 14 komanda mübarizə aparır.