"Panatinaikos"un müdafiəçisi Xuankar Yunanıstan çempionatının 8-ci turunda "Olimpiakos"la oyunda baş verən insident nəticəsində eşitmə qabiliyyətini qismən itirib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Oyun bazar günü Pireydə baş tutub. 50-ci dəqiqədə meydan sahiblərinin tribunalarından isinmə hərəkətləri edən "Panatinaikos"un əvəzedici oyunçularına tərəf fişəng atılıb və o, Xuankarın yanında partlayıb. Fişəng futbolçunu şoka salıb, bundan sonra o, huşunu itirib və qazona yıxılıb. İspanı xərəkdə tribunaların altındakı otağa aparıblar. Daha sonra müayinə üçün xəstəxanaya aparıblar. Müayinə zamanı məlum olub ki, futbolçuda beyin silkələnməsi və qismən eşitmə qabiliyyətinin itirilməsi, daimi başgicəllənməsi olub.
Xatırladaq ki, insident hesab 1:1 olarkən baş verib. Hakim oyunu dayandırıb və sonra yenidən başlamamaq qərarına gəlib.