Londonun "Arsenal" klubu rəsmi açıqlama yayaraq, "Topçular"ın qadınlardan ibarət komandasında irqi müxtəliflik probleminin olduğunu etiraf edib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Yalnız ağdərili qadın oyunçuların yer aldığı komanda şəklinin yayımlanmasından sonra klub inklüziv olmamasına görə tənqid atəşinə tutulub. "Arsenal"ın 27 futbolçudan ibarət qadın heyətində qaradərili və ya azlıqda olan etnik oyunçu yoxdur. Bəyanatda yazılıb: "Biz başa düşürük ki, qadın komandasının hazırkı tərkibi klubda və təmsil etdiyimiz icmalarda mövcud olan müxtəlifliyi əks etdirmir. Müxtəlif mənşəli gənc qadınların və qızların iştirakının artırılması akademiya səviyyəsində bizim üçün əsas prioritetdir və biz yolları və əlçatanlığı yaxşılaşdırmaq üçün konkret tədbirlər görürük. Bütün komandalarda, o cümlədən kişi və qadın akademiyasında biz tariximizə, uğurumuza və mədəniyyətimizə töhfə vermiş müxtəlif mənşəli oyunçularla fəxr edirik".