26 Oktyabr 2023, 16:02
FUTBOL
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax "İnter Mayami"nin və Argentina millisinin kapitanı Lionel Messini Paris-2024 Yay Olimpiya Oyunlarında görmək istədiyini bildirib. Matc.az xəbər verir ki, qurum rəhbəri bunun turnirin nüfuzuna da təsir edəcəyini düşünür:
"Messi Parisdə oynaya bilsəydi, əla olardı. Lionel üçün bu, yenidən tarix yazmaq şansı deməkdi. O, tarixdə iki qızıl medal və dünya çempionu olan yeganə oyunçu ola bilər. Argentinalı baş məşqçinin qərarlarına müdaxilə etmək istəmirəm, amma bu, Messi üçün əla fürsət olardı. O oynasa, Argentinanın qızıl medal qazanmaq şansı daha çox olacaq".
Qeyd edək ki, olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Messi 2008-ci il olimpiadasının qalibi olub.