Fransa Peşəkar Futbol Liqasının (LFP) Nizam-İntizam Komitəsi “Marsel”i Liqa 1-in 10-cu turunun “Lion”la oyunu öncəsi baş verən insidentə görə cəzalandırmayıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Oyun oktyabrın 29-da Marseldəki “Stade Velodrome” stadionunda keçirilməli idi. Lakin görüş “Marsel” azarkeşlərinin “Lion” avtobusuna hücumu edilməsi səbəbindən ləğv edildi. Nəticədə qonaqların baş məşqçisi Fabio Qrosso zədələnib. Şüşə qırıqları onun üzünə dəyib. İtaliyalıya tibbi yardım lazım olub və 12 tikiş vurulub. Qurum bu barədə bəyanat paylaşıb: “İntizam Komitəsi iş materiallarını nəzərdən keçirərək və klubların nümayəndələrini dinləyərək belə qənaətə gəlib ki, ümumi istifadədə olan yolda baş verən insidentlər təşkilat klubunun məsuliyyətinə səbəb ola bilməz. Ona görə də komissiya bu hadisələrlə bağlı intizam tədbiri görməyəcək”.
Qeyd edək ki, “Lion” İntizam Komitəsinin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verəcəyini açıqlayıb.