Qapanmaq məğlubiyyətdən qaçmaq deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq hesab kiçik olacaqdı.
“Doğru futbol oynamaq istəyirik”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 6:1 hesabı ilə uduzan “Sumqayıt”ın məşqçisi Mübaric Orucov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik. Bizim öz futbolumuz var. İstəyirik ki, göz oxşayan futbol oynayaq, azarkeşlərimiz üçün gözəl futbol olsun. Qapanmaq məğlubiyyətdən qaçmaq deyil. Doğru futbol oynamaq istəyirik. Düzdür, hesab böyük oldu. Amma bu o demək deyil ki, qapansaydıq hesab kiçik olacaqdı. Mossi yad mövqedə oynayırdı. Amma tək onun üzərinə də atmaq olmaz. Müdafiədə çaşqınlığın yaranmasına səbəb ola bilərdi. Bəlkə də, o mövqedə ilk dəfədir oynayırdı. Bəzi qollarda onun səhvləri var idi. Amma onu qınayası da deyilik. Məcburiyyətdən onu orada oynatdıq. Start heyətini düzəltməyə futbolçumuz yoxdur. Çətin dönəmdəyik. Zədəlilərimiz çoxdur. Futbolçular var. Bu gün də ikinci hissədə gənclərə şans verdik. Amma elə mövqe var ki, oranı əvəz edəcək oyunçu əvəzedici heyətdə də yoxdur. Həssas mövqelər var ki, ora üçün akademiyada da oyunçu yoxdur. Bu durumdan komandanı çıxaracağıq. Fasiləyə qədər son iki oyun vacibdir. Komanda toparlanıb, lazım olan nəticəni əldə edəcək”.