Azərbaycan millisinin sabiq hücumçusu, minifutbol üzrə ölkə çempionatında çıxış edən “İnter”in üzvü Rauf Əliyevin matc.az saytına müsahibəsi

- Azərbaycan millisinin sabiq futbolçularından ibarət “İnter” komandası minifutbol çempionatına qələbə ilə başladı, ilk turda “Sumqayıt”ı 4:2 hesabı ilə üstələdiniz. Bu görüşdə 2 qol vurdunuz. Minifutbol çempionatında oynamaq necə hissdir?
- Əvvəl minifutbol çempionatına ekranda baxmışıq. Maraqlı çempionat olduğunu bilirdik. Biz də millinin keçmiş üzvləri olaraq “İnter” adı ilə çempionata qatıldıq. İlk oyun bizim üçün çox maraqlı idi. Nə qədər futbol oynasaq da, minifutbol çempionatında çıxış etmək başqa hissdir. Bizə bir az qəribə gəlirdi. Amma mövsümə yaxşı başladıq, ilk oyunumuzda qələbə qazandıq. Böyük futbol oynadığımız dövrdə də öz aramızda minifutbol oynayırdıq və buna “dır-dır” deyirdik. Bugünkü gün köhnə futbolçulardan ibarət maraqlı komanda qurulub. Məqsədimiz çempionatda yaxşı yer tutmaqdır.

- Böyük futbolla müqayisədə minifutbol oynamaq daha çətindir?
- Fərqlər var. Əsas çətinlik ondan ibarətdir ki, burada birəbir mübarizələr daha çoxdur. Qısa məsafədə oynamalı olursan. Böyük futbolda meydanda öz zonana, mövqeyinə çəkilərək, bir az fasilə verə bilirsən, amma burada belə deyil. Minifutbolda bir şey yaxşıdır ki, yorulanda dərhal əvəzlənirsən. Fikrimcə, böyük futbolla müqayisədə minifutbol oynamaq daha çətindir, xüsusən bizim indiki vaxtımızda. Əvvəlki formamızda deyilik. Buna görə də bizə daha çətin gəlir.

- Premyer Liqada çempionatın yarılanmasına artıq 2 tur qalıb. 16 tura əsasən, komandalarda bağlı hansı fikirdəsiniz?
- Premyer Liqa barəsində onu deyə bilərəm ki, “Qarabağ”ın gec-tez lider olacağı məlum idi. Düzdür, çempionata uğurlu start verməmişdilər, ilk turlarda xallar itirirdilər. Amma sonradan vəziyyəti öz xeyirlərinə dəyişməyi bacardılar. Son turlardakı qələbələri ilə “Sabah” da artıq özünə gəlməyə başlayıb. “Neftçi” son turlarda qələbə qazansa da, ümumilikdə qeyri-stabil çıxış edir. “Zirə” bu il yaxşı təsir bağışlayır. Məncə, öz iddiasını sona qədər davam etdirə biləcək. Əsas mübarizə avrokuboklara vəsiqə uğrunda gedəcək. Fikrimcə, gərgin mübarizələr hələ irəlidədir. Maraqlı mövsüm izləyirik və düşünürəm ki, sonadək belə davam edəcək.

- Çempionatın buna qədər olan hissəsində hansı futbolçular öz oyunu ilə seçilə biliblər? Yerlilər və legionerlər arasında bu mövsüm ən yaxşı oyun göstərən kimlərdir?
- Çempionat davam edir, hazırda kimisə fərqləndirmək bir az çətindir. Mövsümün sonunda bunu tam əminliklə qeyd etmək olar. İndiki vəziyyətdə legionerlərdən Juninyonun adını çəkə bilərəm. “Qarabağ”ın heyətində vurduğu qollara görə seçilir. Başqa kiminsə adını çəkməkdə çətinlik çəkirəm.

- Vaxtilə formasını geyindiyiniz "Qarabağ" bu həftə Avropa Liqasında “Hekken”lə tarixi oyuna çıxacaq. Ağdam klubu pley-offa yüksələ biləcəkmi?
- “Qarabağ” “Hekken”ə qalib gələrək ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə çıxacaq və Azərbaycan xalqını sevindirəcək. Tarixi oyundur. İnşallah, “Qarabağ” qalib gələr. Uğurlar arzulayıram.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest