“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, “Gazeta Sporturilor”un suallarını cavablandıran 44 yaşlı mütəxəssis komandasının hazırkı durumunu dəyərləndirib.

Mutu eyni zamanda “Qarabağ”la qarşıdakı görüşlə bağlı fikirlərini də bölüşüb.

- “Neftçi”ni ilk “üçlüy”ə yüksəltdikdən sonra vəziyyət necədi?

- Bir aydı məğlubiyyətsizik, komanda daha yaxşıdı. Azərbaycanın ən böyük klublarından olan “Neftçi”də həmişə təzyiq var. Hamı nəticə gözləyir.

- Mənəvi cəhətdən güclüsünüz?

- Əlbəttə. Niyə soruşursunuz?

- “Turan Tovuz” üzərində qələbədən (3:2) sonra da yerli jurnalistlərin sizə qayğısı olmadı.

- Mən yaxşıyam, müqavimət göstərə bilərəm.

- Növbəti turda lider “Qarabağ”la qarşılaşacaqsınız. Nə gözləyirsiniz?

- İki komandanın görüşləri son 10 ildə ənənə halını alan derbidi. “Qarabağ” 10-15 ildi çox inkişaf edib. Bizi çox çətin matç gözləyir. Rəqib yaxşı komandadı, bunu Avropa Liqasının qrup mərhələsində sübut edib. İndi də Avropa baharı üçün yarışır. Çempionlar Liqasında çıxış ediblər, keyfiyyətli komandadılar.

- Son vaxtlar adınız ÇFR-lə birgə hallanır. Sizə təklif olub?

- Mənə heç bir təklif olmayıb. Uzun müddətdi adım ÇFR-lə birgə çəkilir. Reallıqdan uzaq olan məsələyə münasibət bildirəcək heç nə yoxdu.

- Gələcəkdə yenidən Rumıniyaya qayıtmağı planlaşdırmırsınız?

- İndi yalnız “Neftçi” barədə düşünürəm. Ona görə də diqqətimi yüz faiz komandama, burada görəcəyim işlərə yönəltmişəm. Gələcəklə bağlı nəsə deməyim düz çıxmaz. Ancaq hər zaman demişəm ki, Rumıniyada işləməyi xoşlayıram.

- Sabiq klubunuz “Rapid”dən təklif gəlsə, hansı cavabı verərsiniz?

- Hazırda “Neftçi”nin baş məşqçisiyəm, burada sahib olduqlarım məni daha çox maraqlandırır. “Rapid”in məşqçisi var, onunla uğur qazanacaqlarını düşünürəm. Təkcə onu deyə bilərəm ki, “Rapid”də çox yaxşı işlər görmüşəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest