“Neftçi”nin futbolçusu Reziuan Mirzov ölkəsi Rusiyanın “Sport Express” nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bir çox məsələlərdən bəhs edib.
- Üç aydır Azərbaycandasınız. Yeni komandaya və ölkəyə uyğunlaşma necə gedir?
- Uyğunlaşma asandı, ölkənin mentaliteti mənə yaxındı. Qafqazda doğulub böyümüşəm, ona görə də köçəndə heç bir problem yaşamadım. Yeni oyunçular yaxşı qarşılandılar, turistik məkanları da gəzmişəm.
- Bakı Moskvadan nə ilə fərqlənir?
- Bakı çox gözəl şəhərdi. Mənim üçün hətta bir qədər gözlənilməz oldu. Yeni şəhəri bəyəndim, İçərişəhəri ziyarət etmək imkanım oldu. Bakıda hava Moskvadan fərqlidi. Bura Rusiyanın paytaxtındakı qədər soyuq deyil. Son vaxtlar bir az soyuq olur, amma yenə də özümü yaxşı hiss edirəm.
- Niyə “Neftçi”ni seçdiniz?
- “Ximki” ilə müqavilə müddətim başa çatanda qarşıma məqsəd qoydum - Avropaya getməyə çalışmaq. Özümü xaricdə sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə danışdım. Gündəlik həyat baxımından Türkiyə variantı daha yaxın idi. “Neftçi” transfer dönəminin sonların ortaya çıxdı.
- Niyə Türkiyəyə getmədiniz?
- Bir neçə dəfə əşyalarımı yığıb, ora getməyi düşündüm. Düzdü, klub rəhbərləri verdikləri vədləri son anda yerinə yetirmədilər. Türkiyə klubuna keçməyi planlaşdırırdım. Yayda mənimlə əlaqə saxladılar, zəng etdilər və dedilər ki, əşyalarımı toplayım. Ancaq sonda Azərbaycana gəldim.
- Rusiya ilə bağlı variantları nəzərdən keçirmisiniz?
- “Ximki”dəki çətin mövsümdən sonra yalnız sonuncu “8-lik”də olan klublardan təkliflər gəldi. “Ximki”dən sonra yükü boşaltmaq istədim. Yaşamaq üçün mübarizə aparmağım stresli idi. Daha sonra xarici kluba keçmək qərarına gəldim.
- Rusiya Premyer Liqasında yaşamaq üçün mübarizə aparmaqdan yorulmusunuz?
- Yorulduğumu demirəm. Sadəcə, vəziyyəti dəyişmək istədim. “Ximki”də ötən mövsüm çətin keçdi. 30 yaşım var, indi deyilsə, nə vaxt özümü yeni ölkədə sınayacaqdım? Rusiyada qalsaydım, xarici kluba yolumu həmişəlik bağlayardım.
- Yeni ölkə seçimində din məsələsinin rolu oldu?
- Təbii ki, bu, seçimimə təsir etdi. Azərbaycan islam dövlətidi. “Neftçi”dən təklif gələndə bir az fikirləşib qəbul etdim. Tez bütün detalları razılaşdırdıq. Sentyabrda çox istəyirdim ki, müqavilə imzalayıb meydançaya çıxım. Bir ay boş oturmaq çətin idi.
- “Neftçi”dən təklif gələndə kiminlə məsləhətləşdiniz?
- Ayaz Quliyevlə danışdım. O da yayda “Sabah”a keçib. Quliyevin bura köçməsindən sonra məndə Azərbaycan çempionatında oynamaq ideyası yarandı. Onun ölkə və çempionatla bağlı fikiləri ilə maraqlandım. “Neftçi”yə keçməyimdə Ayazın böyük rol oynadığını deyə bilərəm.
- Azərbaycan çempionatı Rusiya liqasından nə ilə fərqlənir?
- Burada deyəsən üç güclü komanda var idi - “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar avrokuboklarda oynayırdılar. Amma gəlib çempionatı görəndə müsbət mənada təəccübləndim. Liderlərlə rəqabət apara biləcək 5-6 komanda var. Eyni zamanda bir mövsümdə eyni rəqiblə 4 dəfə qarşılaşmağımızda problem yoxdu. Digər üstünlük uzun uçuşların olmamasıdı. Komandaların əksəriyyəti Bakıda məskunlaşır və səfər matçlarına avtobusla çatmaq dörd saat çəkir. İnfrastruktur baxımından hər şey qaydasındadı.
- Ayaz Quliyev Azərbaycan vətəndaşlığını alıb. Sizin də bunu etmək fikriniz var?
- Belə bir fikrim heç vaxt olmayıb. Rusiya millisinə düşmək, orada bir neçə oyun keçirmək istəyirəm.
- Amma Valeri Karpin yaşı 30-dan yuxarı olan futbolçuları çağırmır.
- Mənim yaşımda olan Georgi Cikiya və Daler Kuzyaev var. Mənə zəng etmələri üçün hər şeyi edəcəyəm. Demirəm ki, oturub Karpindən zəng gözləyirəm. Üzərimdə çalışaraq, ölkənin əsas komandasında oynamağa hazır olduğumu sübut edəcəyəm.
- Nə vaxtsa Moskva “Spartak”ına qayıdacağınıza inanırsınız?
- İndi “Neftçi”də futboldan həzz alıram. Başa düşürəm ki, karyeramın sonuna 4-5 il vaxt qalıb və əylənmək istəyirəm. Heç nə sizin xeyrinizə olmayanda komanda çox şey itirir, futboldan yorulursan və əylənmirsən. “Neftçi”də hər şey fərqlidi - oynayıram, məşq edirəm, ən əsası, oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan almaq istədiyim budu.