FİFA Hakimlər Komitəsinin sədri, zəmanəmizin ən yaxşı hakimlərindən olan Pyerluici Kollina Türkiyə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” duelini idarə edən Xəlil Umut Meləri döyməsi ilə bağlı insidentə cavab verib.

Matc.az xəbər verir ki, görüş bazar ertəsi baş tutub. Final fitindən sonra Ankaragücü prezidenti Faruk Koca bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçaraq hakimi vurub və nəticədə hakim yıxılıb. Melər uzanmış vəziyyətdə daha bir neçə təpik alıb. Hadisədən sonra hakim xəstəxanaya yerləşdirilib. Ankaragücü prezidenti istefa verib və üzr istəyib. O bildirib ki, əvvəlcə hakimin üzünə tüpürmək istəyib. Kollina açıqlamasında deyib: “Xəlil Umut Meler çox yaxşı hakim və çox yaxşı insandır. Bunu ona görə deyə bilərəm ki, onu bir neçə dəfə meydanda görmüşəm və bu ilin əvvəlində Argentinada keçirilən U-20 dünya çempionatında onunla vaxt keçirmişəm. Meler nə hakim, nə də bir insan olaraq Ankarada bazar ertəsi yaşadıqlarına layiq deyildi. O, öz işini görürdü ki, yeni idarə etdiyi matçın sonunda meydanda hücuma məruz qalıb. Hücum edənlərin ona təpik vurması zamanı Xəlil Umutun yerdə uzanaraq başını əlləri ilə qoruyan görüntüsü dəhşətlidir. Hakim səhv də olsa, verdiyi qərara görə döyülə bilməz. Onun avtomobili cəzaya görə partlatıla və ya yandırıla bilməz. Təəssüf ki, bu, mübaliğə deyil, çünki bəzi ölkələrdə partlayışlar və avtomobillərin yandırılması o qədər də nadir deyil”.

Xatırladaq ki, 2020-ci ilin dekabrında France Football jurnalı Kollinanı futbol tarixinin ən yaxşı hakimi kimi tanımışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest