“Kəpəz” klubunun gürcüstanlı futbolçusu Mate Kvirkviyanın matc.az saytına müsahibəsi

- Ölkə çempionatının 16-cı turunda səfərdə “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldiniz. Sizcə, autsayderlər qrupundakı əsas rəqibiniz üzərində böyükhesablı qalibiyyəti nəyin hesabına əldə etdiniz?

- Bu oyuna xüsusi yanaşırdıq. Qalib gələcəyimiz təqdirdə, sonuncu pillədən qurtulacaq, “Qəbələ”ni qabaqlayacaqdıq. Matça yaxşı hazırlaşmışdıq. Meydanda baş məşqçimizin tapşırıqlarını 100 faizlik yerinə yetirdik. Bunun hesabına 3:0 hesablı qələbəyə nail olduq.

- Adil Şükürovun gəlişindən sonra kubok matçı da daxil olmaqla, 4 oyunun 2-də qalib gəlib, 1-də heç-heçə etmisiniz. Şükürov qısa müddətdə nəyi dəyişməyi bacardı ki, komanda son matçlarda daha inamlı təsir bağışlayır?

- O, komandaya ilk növbədə gümrahlıq gətirdi. Bundan əlavə, Adil Şükürov psixologiyamızı yüksəltdi. Nəticədə bütün futbolçulara özünəinam hissi qayıtdı.

- “Qəbələ” ilə matçda həmyerliniz Georgi Papunaşvili 2 qol, 1 assist ilə yadda qaldı. Onun əsl formasını artıq bərpa etdiyini demək olarmı?

- Georgini yaxşı tanıyıram, bundan əvvəl də onunla eyni komandada oynamışıq. Papunaşvili daha artığına qadirdir. Əminəm ki, Georgi ən qısa zamanda əsl formasına qayıdacaq. Bu, onun maksimumu deyil. Əsl formasını tam bərpa edəndən sonra bundan da yaxşı oyun göstərəcək.

- Bu gün “Sumqayıt”ı qəbul edəcəksiniz. “Qəbələ” üzərindəki qələbədən sonra bu matçda hansı nəticəyə ümid edirsiniz? Şansları necə dəyərləndirirsiniz?

- Rəqibə hörmətlə yanaşıram. “Sumqayıt” güclü komandadır, bunu cari mövsümdəki nəticələri ilə isbatlayır. Bununla belə, meydana 3 xal üçün çıxacağıq. Bu görüşdə də qalib gələ biləcəyimizi düşünürəm.

- İki turdan sonra çempionatda fasilə yaranacaq. “Sumqayıt”ı qəbul etdikdən sonra “Neftçi”nin qonağı olacaqsınız. Bu iki görüşdən ümumilikdə neçə xalla ayrılmağı hədəfləmisiniz?

- Mən həmişə maksimalist olmuşam. Niyə də 2 oyundan 6 xalla ayrılmayaq? Bunu bacara bilərik. Hər iki matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcək, sona qədər mübarizə aparacağıq.

- Azərbaycan çempionatının səviyyəsi haqda hansı fikirdəsiniz?

- Müsbət fikirdəyəm. Azərbaycan Premyer Liqası yaxşı çempionatdı. Liqanın səviyyəsi göz önündədi. Burada oynamaqdan məmnunam.

- Necə düşünürsünüz, “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

- Bunun üçün əlimizdən gələni edəcəyik. Premyer Liqada qalacağımıza şübhəm yoxdu. Çünki “Kəpəz” yaxşı komandadı. Yüksək dəstədə qalmaq, azarkeşlərimizi sevindirmək istəyirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest