"Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, mövsümün əvvəlindən bu komanda medallara iddialı hesab olunur"

“Son turlarda ağır oyunlar keçiririk. “Zirə”yə qarşı matçımız da çətin oldu”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Tural Bayramov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Premyer Liqanın XVI turunda “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri görüşü dəyərləndirib: “Zirə” əbəs yerə liderlər qrupunda məskunlaşmayıb. Düzdü, onların üst pillədə yer alması oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq. Bizim tapşırığımız da rəqibin kimliyindən asılı olmayaraq 3 xal qazanmaqdı. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrısı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq”.

25 yaşlı futbolçu “Sabah”la keçiriləcək növbəti tur matçı barədə fikirlərini də bölüşüb: “Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, mövsümün əvvəlindən bu komanda medallara iddialı hesab olunur. Premyer Liqanın güclü klublarından biridi. Biz də bu görüşə yaxşı hazırlaşırıq. Hava yağışlı keçsə də, çalışırıq ki, məşqlərimizi axsatmayaq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik. Həm də qış fasiləsi ərəfəsindəyik. İstəyirik ki, mövsümün “ekvator xətti”nə üst pillələrdən birində yollanaq”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” oyunu saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest