"Futbolçularım qələbəyə ac idilər". Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Sabah"ı 2:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: "Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm. Üç zonada da yaxşı mübarizə apardıq. Layiqli qələbə qazandıq. Vaxtı aparmamağa və oyunumuzu rəqibin meydançasında qurmağa çalışdıq. Futbolda olan bəzi cığallıqları etməməklə qələbə qazandıq".
- Futbolçularınıza irad bildirdiz ki, "biclik"ləri yoxdur...
- Meydanda bəzi gedişlər olur. Rəqib səni vurur, sənə sarı vərəqə aldırır. Futbolçularım qələbəyə ac idilər. Tempi qaldırırdılar. Amma bəzən də hiylədən istifadə etmək lazımdır. Oyun taktika üzərində qurulur. Amma "biclik" də lazımdır.
- Oyunçulara nə tapşırıq vermişdiz?
- Motivasiya çox önəmlidir. Rəqibin keçən oyununu meydanda izləyirdim. Əsasən hücum xəttinə topun çatmaması, müdafiədən topun çıxmaması - bunlar əsas tapşırıq idi. İsak Belfodilin sığortası var idi.
- Hücumda Nuno Rodriqesə şans verməyiniz nə ilə bağlı idi?
- Üç hücumçu ilə oynadıq. Çox qol epizodlarını boşa verdik. Düşünürdük ki, birinci hissədə hər şeyi bitirək. Bəzən elə alınır ki, ikinci-üçüncü varianta keçməlisən. Fasilədən sonra başqa varianta keçməli olduq.
- Maraqlıdır, "Sabah" "Səbail"i məğlub edir, amma sizə uduzur...
- "Səbail" oyuna tam başqa motivasiya ilə çıxmışdı. Biz isə sonuncu ev oyunumuz idi deyə, daha istəkli idik. Ola bilər ki, "Səbail" başqa cür yanaşdı. Fərqlidir. Biz müdafiədə risk edə bilirik. Müdafiəçilərimizin həmişə birəbir oynamalarını istəyirəm. Bu tərəfdən üstünlüyümüz var.