19 Dekabr 2023, 11:07
FUTBOL
“Artıq Niderlanda gəlmişik. Uşaqlar uzun yol qət ediblər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlamasında deyib.
Gənc çalışdırıcı DÇ-2024-ün elit raundunda Niderlandla keçiriləcək səfər qarşılaşması öncəsi heyətdə edilən dəyişikliklərdən bəhs edib: “Futzalçılar onlara verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki görüşü cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı”.
Vitali Borisov meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayanda hansı üstünlüklərə malik olacağını, bizim nələr etməli olduğumuzu deyəcəyəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, Niderland – Azərbaycan oyunu sabah keçiriləcək. Millimiz hazırda 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb.